Cənubi Koreya uşaqlara qarşı onlayn istismarı süni intellektlə izləyir
Cənubi Koreya uşaqlara qarşı onlayn cinsi istismar məzmunlarının aşkarlanması və silinməsi məqsədilə süni intellekt əsaslı sistemdən istifadə etdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, ölkədə tətbiq edilən yeni sistem rəqəmsal cinsi cinayətlərlə mübarizənin gücləndirilməsinə xidmət edir.
Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreyanın Gender Bərabərliyi və Ailə Nazirliyindən bildirilib ki, Milli Rəqəmsal Cinsi Cinayətlərlə Mübarizə Mərkəzi tərəfindən apreldə istifadəyə verilən süni intellekt əsaslı sistem ölkədə rəqəmsal cinsi cinayətlərə qarşı mübarizə tədbirlərini gücləndirməyi hədəfləyir.
Açıqlamada qeyd olunub ki, sistemin köməyi ilə aprel-sentyabr aylarında uşaqlara qarşı 96 min 210 cinsi istismar məzmunu aşkarlanıb və onların silinməsi üçün müvafiq onlayn platformalara bildiriş göndərilib. Süni intellekt əsaslı sistemin işə salınmasından sonra monitorinq əməkdaşlarının hər birinin gündəlik aşkarladığı məzmunların sayı ötən illə müqayisədə təxminən 10 dəfə artıb.
Bildirilib ki, sosial media platformaları və təsadüfi söhbət tətbiqləri də daxil olmaqla, onlayn platformaları izləyən süni intellekt sistemi tərəfindən müəyyən edilən məzmunlar silinməsi üçün platformalara bildiriş göndərilməzdən əvvəl mərkəzin əməkdaşları tərəfindən yoxlanılır. Sistem qanunsuz məzmunları real vaxt rejimində aşkarlayaraq işçilərin iş yükünü azaldır.
Qeyd olunub ki, nazirlik 2027-ci ildə sistemin izlədiyi onlayn platformaların sayını 74-dən 139-a çatdırmağı, həmçinin mərkəzin məlumat bazasından istifadə etməklə süni intellektin aşkarlama dəqiqliyini artırmağı planlaşdırır.
