Aİ yüksək riskli süni intellekt qaydalarını təxirə saldı
Avropa İttifaqı (Aİ) ölkələri süni intellektə dair qaydaları sadələşdirən, yüksək riskli süni intellekt sistemləri ilə bağlı öhdəliklərin tətbiqini təxirə salan və süni intellekt tərəfindən yaradılan yetkinlər üçün saxta intim görüntülərə qarşı yeni qadağalar gətirən tənzimləməni qəbul edib.
AFN.az xəbər verir ki, Aİ Şurası üzv ölkə nümayəndələrinin süni intellektlə bağlı bəzi qaydaları sadələşdirməyi və asanlaşdırmağı hədəfləyən yeni tənzimləməyə yekun razılıq verdiklərini açıqlayıb.
Bəyanatda tənzimləmə ilə yüksək riskli süni intellekt sistemlərinə dair qaydaların qüvvəyə minmə tarixlərinin təxirə salındığına diqqət çəkilərək, "Yeni tətbiq tarixləri müstəqil yüksək riskli süni intellekt sistemləri üçün 2 dekabr 2027-ci il, məhsullara inteqrasiya edilmiş yüksək riskli süni intellekt sistemləri üçün isə 2 avqust 2028-ci il olacaq" ifadəsi işlənib.
Aİ Süni İntellekt Aktına razılıq olmadan cinsi və intim məzmunlu və ya uşaqların cinsi istismarı materiallarının istehsalı ilə bağlı süni intellekt tətbiqlərini qadağan edən yeni müddəanın əlavə edildiyi bildirilən açıqlamada real şəxslərin çılpaq görüntülərini süni intellekt vasitəsilə yaradan və ya mövcud fotolardan geyimləri rəqəmsal olaraq çıxararaq məhrəm nahiyələri görünən hala gətirən süni intellekt sistemlərinin istifadəsinin 2026-cı ilin dekabrından etibarən qadağan ediləcəyi qeyd olunub.
Açıqlamada milli səviyyədə yaradılması nəzərdə tutulan süni intellekt tənzimləmə test mühitlərinin formalaşdırılması üçün son tarixin 2 avqust 2027-ci ilə təxirə salındığı, süni intellekt tərəfindən istehsal olunan məzmunlara dair şəffaflıq öhdəliklərinin tətbiqi üçün tədarükçülərə tanınan keçid müddətinin isə 6 aydan 3 aya endirilərək yeni son tarixin 2 dekabr 2026-cı il olaraq təyin edildiyi bildirilib.
Tənzimləmə Aİ-nin Rəsmi Qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.
Xatırladaq ki, Aİ Süni İntellekt Aktı 1 avqust 2024-cü ildə qüvvəyə minmişdi. Süni intellektin istifadəsinə mərhələli şəkildə sərt qaydalar gətirən qanunun müxtəlif müddəaları fərqli vaxtlarda tətbiq edilirdi. Qanuna əsasən, yüksək riskli süni intellekt sistemləri ilə bağlı öhdəliklərin 2026-cı ilin avqustunda başlaması gözlənilirdi.
Beləliklə, Aİ Süni İntellekt Aktı çərçivəsində yüksək riskli süni intellekt sistemlərinə dair qaydaların icrası təxirə salınmış oldu.


