Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Avropa İttifaqı (Aİ) Rusiyanın Ukrayna ilə müharibəsini maliyyələşdirməsinə töhfə verdikləri əsas gətirilərək 12 fiziki şəxs və 101 quruma qarşı sanksiya tətbiq etmək qərarı verib.
AFN.az xəbər verir ki, yeni məhdudlaşdırıcı tədbirlər Rusiyanın bank, maliyyə, elektron ticarət və enerji sektorlarını, eləcə də kölgə donanmasını hədəf alır.
Aİ Şurası Rusiyanın Ukraynada mülki infrastruktura yönəlmiş hücumları ilə əlaqədar hazırlanan əlavə məhdudlaşdırıcı tədbirlərin üzv ölkələr tərəfindən qəbul edildiyini açıqlayıb.
Açıqlamada sanksiya siyahısına 50-yə yaxın bank və maliyyə qurumunun əlavə edildiyi bildirilib. Rusiyanın bank sektoruna qarşı məhdudiyyətlərin genişləndirilməsində dövlət gəlirlərinin ötürülməsini və müharibənin maliyyələşdirilməsini təmin edən maliyyə kanallarının kəsilməsinin hədəfləndiyi qeyd olunub.
Rusiyanın elektron ticarət sektorunun da hədəfə alındığı vurğulanan açıqlamada ölkənin neft və enerji sektorunda fəaliyyət göstərən əlavə şirkətlərin və iş adamlarının da sanksiya siyahısına daxil edildiyi bildirilib.
Açıqlamada siyahıya əlavə olunan şirkətlərin neft emalı zavodlarını və Sankt-Peterburq Neft Terminalını idarə etdiyi, həmçinin neft kəşfiyyatı və hasilatı ilə məşğul olduğu qeyd edilib.
Rusiyanın kölgə donanmasına qarşı da tədbirlər görüldüyü bildirilib. Bu çərçivədə Birləşmiş Ərəb Əmirlikləri, Çin, Seyşel adaları və Omanda yerləşən, Rusiya mənşəli xam neft və neft məhsulları alan müxtəlif şirkətlər də sanksiya siyahısına daxil edilib.
Aİ Şurasının açıqlamasına görə, sanksiyalara məruz qalan gəmilərin sahibi və ya idarəçisi olan, Rusiya neftini qanunsuz yollarla daşıyan və yüksək riskli dəniz daşımaları ilə məşğul olan bəzi iş adamları da hədəfə alınıb.
Qərara əsasən, siyahıya əlavə edilən fiziki və hüquqi şəxslərin aktivləri dondurulur, onlara birbaşa və ya dolayı yolla maliyyə vəsaiti və iqtisadi resursların təqdim edilməsi qadağan olunur. Sanksiya tətbiq edilən şəxslərin Aİ ərazisinə səfərlərinə də qadağa qoyulur.
Aİ Şurasının məlumatına görə, bu sanksiyalar çərçivəsində siyahıda ümumilikdə təxminən 4 600 fiziki şəxs və qurum yer alır.
