Böyük Britaniya Rusiyaya qarşı 2022-ci ildən bəri ən böyük sanksiyalar paketini açıqlayıb

Rusiya-Ukrayna müharibəsi üçüncü ilinə girərkən Böyük Britaniya Rusiyaya qarşı 2022-ci ildən bəri ən böyük sanksiya paketini tətbiq etmək qərarına gəldiyini açıqlayıb.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, yeni sanksiyalar Rusiyanın müharibə iqtisadiyyatını, Kremlyönlü oliqarxları və Rusiya ordusunun təchizat zəncirlərini dəstəkləyən maliyyə resurslarını hədəfləyir.
Bəyanatda deyilir ki, Rusiyaya qarşı 100-dən çox yeni sanksiyalar ölkənin hərbi gücünü zəiflətmək və Ukraynanı sülh üçün ən güclü mövqeyə qoymaq məqsədi daşıyır.
Açıqlamada sanksiyaların Rusiya ordusuna elektron və ikili təyinatlı (hərbi və mülki) materialları təmin edən üçüncü ölkələrin şirkətləri, Şimali Koreyadan Rusiyaya əsgər göndərdiyi iddia edilən yüksək vəzifəli şəxslər və Avropa texnologiyalarını Rusiyaya ötürdüyü iddia edilən 13 Rusiya təşkilatının olduğu qeyd edilib.
Sanksiyaların Rusiyanın ən mühüm maliyyə qaynağı olan enerji gəlirlərini də hədəf aldığına diqqət çəkən açıqlamada İngiltərənin Rusiya neftini daşıyan 40 gəmidən ibarət kölgə donanmasını sanksiyalar siyahısına əlavə etdiyinə və beləliklə də ümumilikdə 133 Rusiya neft tankerini sanksiyalara məruz qoyduğuna diqqət çəkilib.
Açıqlamada təxminən 2,2 milyard funt-sterlinq sərvəti ilə Rusiyanın ən zəngin iş adamlarından biri olan Roman Trotsenko da daxil olmaqla, Kremlə yaxınlığı ilə tanınan 14 oliqarxın da sanksiyaların əhatəsinə alındığı bildirilib.
Bundan əlavə, Rusiyanın müharibə iqtisadiyyatına dəstək verən xarici maliyyə qurumlarının da ilk dəfə olaraq yeni səlahiyyətlərdən istifadə edərək sanksiyalara daxil edildiyi və bu çərçivədə Qırğızıstanda yerləşən “Keremet Bank” ASC-nin də sanksiya siyahısına daxil edildiyi bildirilib.
Bəyanatda Böyük Britaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyi və sanksiyaların Rusiyanın döyüş qabiliyyətini zəiflətmək və Avropanın təhlükəsizliyini artırmaq məqsədi daşıdığı vurğulanıb.