Zelenski Avropanın Rusiya ilə sülh danışıqlarında vahid nümayəndə ilə təmsil olunmasını istəyir
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə gələcək sülh danışıqlarında Avropanın digər Avropa ölkələrindən səlahiyyət alacaq vahid dövlət başçısı tərəfindən təmsil olunmasının vacibliyini bildirib.
AFN.az xəbər verir ki, Zelenski bu məsələ ilə bağlı qərarın noyabrın sonunadək qəbul ediləcəyinə ümid etdiyini deyib.
Danimarkaya səfəri çərçivəsində Kopenhagendə jurnalistlərin suallarını cavablandıran Ukrayna Prezidenti Volodimir Zelenski müharibəyə son qoymaq üçün liderlər səviyyəsində görüş keçirməyə hazır olduqlarını, lakin Rusiyanın buna hazır olub-olmadığına əmin olmadıqlarını vurğulayıb.
Zelenski gələcək sülh danışıqlarında Avropadakı hər kəsin təmsil olunmaq istədiyini, lakin nümayəndələrin sayının çox olmasının danışıqları çətinləşdirəcəyini bildirib. O qeyd edib ki, hər kəsin fikri çox vacibdir, amma 40 nəfər Rusiya Prezidenti Vladimir Putinlə danışa bilməz.
Avropanın vahid nümayəndəsi ilə bağlı qərarın noyabrın sonunadək qəbul ediləcəyinə ümid etdiyini bildirən Zelenski ölkələrin bu məsələni nəzərdən keçirməli olduğunu deyib.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında aparılan üçtərəfli danışıqlardan danışan Zelenski ruslarla razılığa gəlməyin çətin olduğunu və onların Ukraynanın ən yaxşı dostları olmadığını bildirib.
Danışıqlarda humanitar məsələlərin və təhlükəsizlik zəmanətlərinin müzakirə edildiyini bildirən Zelenski hərbi əsirlərin azad edilməsinin prioritet məsələlər arasında olduğunu qeyd edib.
Zelenski Əbu-Dabidəki görüşlərdə genişmiqyaslı əsir mübadiləsinin də müzakirə olunduğunu bildirərək, 1000-ə 1000 və ya 1500-ə 1500 formatında mübadilə variantlarının nəzərdən keçirildiyini deyib.
ABŞ tərəfinin genişmiqyaslı əsir mübadiləsi ilə bağlı təklifləri Rusiya tərəfinə çatdıracağını bildirən Zelenski rusların ərazi məsələsini də gündəmə gətirdiyini və bu mövzunun liderlər səviyyəsində həll edilməli olduğunu vurğulayıb.
Ukrayna nümayəndə heyətinin danışıqlar aparmaq üçün lazımi səlahiyyətlərə malik olduğunu bildirən Zelenski görüşlərdə gərginliyin azaldılması, enerji, Qara dəniz və mümkün üçtərəfli liderlər görüşünün də müzakirə ediləcəyini qeyd edib.
Zelenski üçtərəfli danışıqları konstruktiv və kifayət qədər genişmiqyaslı adlandırıb.
Zelenski ümid olmadan yaşamağın mümkün olmadığını bildirərək danışıqları hər zaman dəstəklədiklərini, lakin bunun üçün Rusiyaya daha çox təzyiq göstərilməsinə ehtiyac olduğunu deyib.
Müharibəni Ukraynanın başlamadığını müdafiə edən Zelenski təcavüzkardan yalnız bir şey istədiklərini, müharibəni dayandırmasını, diplomatiyaya üz tutmasını və bütün məsələləri həll etməyə çalışmasını tələb etdiklərini bildirib.
Zelenski ABŞ-ın dəstəyinə ehtiyac duyduqlarını və Ukraynanın əldə edə biləcəyi ən güclü təhlükəsizlik zəmanətlərinin Avropa və ABŞ-dan gələ biləcəyini deyib. O, müdafiə imkanlarının artırılması üçün Avropa resurslarına ehtiyac olduğunu da vurğulayıb.
Daha çox hava hücumundan müdafiə sisteminə ehtiyac duyduqlarını bildirən Zelenski əlavə F-16 qırıcılarına ehtiyac olduğunu, sursat məsələsinin də hava hücumundan müdafiənin tərkib hissəsi sayıldığını qeyd edib.
ABŞ nümayəndə heyəti ilə aparılan danışıqlara da toxunan Zelenski eşitdiklərindən çox məmnun olduğunu və nələrin mümkün olacağını görəcəklərini bildirib. O, əvvəldən ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin yanında olduğunu deyərək, onlara Ukraynanın bu ərazisinin millətin bir hissəsi olduğunu, daşınmaz əmlak olmadığını açıq şəkildə ifadə etdiyini bildirib. Zelenski bu səbəbdən bütün məsələlərin çox həssas olduğunu, söhbətin ərazidən və ya kvadratkilometrlərdən getmədiyini, xalq üçün son dərəcə həssas olan müxtəlif məsələlərin müzakirə edildiyini vurğulayıb.
Zelenski Putinə etibar etməyə hazır olmadıqlarını xüsusi qeyd edib.
Ukraynanın qışı başa vurmaq üçün dəstəyə ehtiyacı olduğunu bildirən Zelenski bu məsələni Danimarkanın Baş naziri Mette Frederiksen və Skandinaviya ölkələrinin liderləri ilə keçirdiyi görüşlərdə müzakirə etdiyini deyib.
Zelenski, həmçinin Ukraynanın təşəbbüsü ilə Avropa ölkələri ilə birgə hava hücumundan müdafiə sistemi yaradılmasını nəzərdə tutan Freya layihəsi çərçivəsində Kopenhagendə ofis açılması məsələsini müzakirə etdiklərini bildirib.
Ukrayna ilə Skandinaviya ölkələri arasındakı birliyin mühüm və güclü olduğunu vurğulayan Zelenski Baltikyanı ölkələrin də vacib əməkdaşlıq tərəfdaşları olduğunu və gələcəkdə bu ölkələrlə birlikdə fəaliyyət göstərməyə ümid etdiyini sözlərinə əlavə edib.
