Rio-de-Janeyroda əhalinin 32,2 faizi kriminal ərazilərdə yaşayır
Braziliyanın Rio-de-Janeyro ştatında 5,17 milyon insan, yəni əhalinin 32,2 faizi mütəşəkkil cinayətkar qrupların və narkokartellərin nəzarətində olan ərazilərdə yaşayır.
AFN.az xəbər verir ki, bu barədə Rio-de-Janeyro İctimai Təhlükəsizlik İnstitutunun araşdırmasına istinadən “O Globo” qəzeti məlumat yayıb.
Araşdırmanın nəticələrinə əsasən, ştatda kriminal strukturların fəaliyyət göstərdiyi ümumilikdə 1530 ərazi müəyyən edilib. Bu ərazilərin ümumi sahəsi 614,3 kvadratkilometrdir.
Regionda əsas kriminal qüvvə “Qırmızı Komanda” (Comando Vermelho – CV) hesab olunur. Qrup 779 əraziyə, yəni kriminal strukturların nəzarətində olan bütün ərazilərin 50,9 faizinə təsir göstərir. Həmin ərazilərdə təxminən 3 milyon insan yaşayır.
Qəzetin danışdığı ekspertlərin məlumatına görə, “Qırmızı Komanda” son illərdə əvvəllər rəqib qruplaşmaların nəzarətində olan onlarla yeni ərazini ələ keçirib.
Braziliyada təhlükəsizlik problemi oktyabrda keçirilən prezident seçkiləri zamanı da əsas müzakirə mövzularından biri olub. Yenidən prezident seçilən Luis İnasio Lula da Silva qarşıdakı dördüncü prezidentlik müddətində küçə cinayətkarlığı ilə mübarizəni əsas prioritetlərindən biri edəcəyini vəd edib.




