Niderland hökuməti istefaya gedə bilər
Niderland hökuməti hakim koalisiya daxilindəki fikir ayrılıqları və vergi islahatları ilə bağlı parlament dəstəyinin olmaması səbəbindən yaxın vaxtlarda istefaya gedə bilər.
AFN.az xəbər verir ki, bu barədə “NRC” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hakim koalisiyanın üç partiyası – “Demokratlar-66”, Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (VVD) və Xristian-Demokrat Çağırışı hazırda növbədənkənar seçkilərdə maraqlı deyil. Sorğular göstərir ki, erkən seçkilər keçirilərsə, bu partiyalar parlamentdə xeyli yer itirə bilər.
Bu arada parlamentin aşağı palatası hökumətin istefasından dərhal sonra növbədənkənar seçkilərin təyin edilməsi praktikasından imtinanı dəstəkləyib. Yeni təklifə əsasən, kabinet istefaya gedərsə, ilk növbədə mövcud parlamentin tərkibində yeni hökumətin formalaşdırılması imkanları nəzərdən keçirilməlidir. Yalnız razılıq əldə olunmadıqda erkən seçkilərə gedilməsi təklif olunur.
Böhranın əsas səbəblərindən biri vergi islahatları ətrafında yaranan mübahisədir. Müxalifətdəki “Proqressiv Niderland” və “Volt” əmək gəlirlərinə tətbiq olunan verginin 1,5 milyard avro azaldılmasını, əvəzində kapital, hədiyyə və miras vergilərinin artırılmasını təklif edir. Bu təşəbbüsün qəbulu üçün zəruri parlament dəstəyi yarana bilsə də, koalisiyanın üzvü VVD buna qarşı çıxır. “Demokratlar-66”nın müxalifətin təklifini dəstəkləyə biləcəyini açıqlaması isə koalisiya daxilində gərginliyi daha da artırıb.
Hazırkı baş nazir Rob Yettenin rəhbərlik etdiyi hökumət 2026-cı il fevralın 23-də fəaliyyətə başlayıb. Parlamentin hər iki palatasında çoxluğa malik olmayan azlıq hökuməti qanun layihələrinin qəbul edilməsi üçün müxalifətin dəstəyinə ehtiyac duyur.
