Mette Frederiksen Danimarkada yeni hökuməti formalaşdırmaq mandatı alıb


Danimarkanın Baş naziri Mette Frederiksen kralla keçirilən və ölkədə “kral raundu” kimi tanınan məsləhətləşmələrdən sonra yeni hökuməti formalaşdırmaq mandatı əldə edib.

AFN.az “DR” teleradio şirkətinə istinadən xəbər verir ki, Frederiksen koalisiya qurmaq missiyasını daşıyan əsas namizəd kimi Sosial-demokratlar, Sosialist Xalq Partiyası, Radikal Venstre, “Alternativ”, “Qırmızı-Yaşıl Alyans” və “Mötədillər” partiyalarının dəstəyini qazanıb.

Ümumilikdə parlamentin 98 deputatının dəstəyini alan Frederiksen sol-mərkəzçi hökumət qurmaq niyyətindədir. Yeni koalisiyanın Sosial-demokratlar, “Mötədillər”, Radikal Venstre və Sosialist Xalq Partiyası ilə formalaşdırılması planlaşdırılır.

Koalisiya tərəfləri arasında ilk birgə görüşlərin və intensiv danışıqların sabahdan etibarən başlanacağı bildirilir.

Siyasi məsləhətləşmələr zamanı “Mötədillər” partiyasının lideri Lars Lökke Rasmussen sağ və liberal düşərgə tərəfindən tənqid olunub. Müxalifət onu alternativ sağ-mərkəzçi koalisiyanın formalaşdırılmasına dəstək verməməkdə və siyasi maraqları üstün tutmaqda ittiham edib.

“Qırmızı-Yaşıl Alyans” lideri Pelle Dragsted isə gələcək hökumətə dəstəyin şərtsiz olmayacağını, koalisiyanın siyasi kursunun razılaşdırılmalı olduğunu bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu