İran Fransanın kiberhücum ittihamlarına cavab verib
İranın xarici işlər naziri Abbas Əraqçi Fransanı öz uğursuzluqlarına görə məsuliyyəti başqalarının üzərinə atmaqda ittiham edib.
AFN.az xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Əraqçi Fransa hökumətinin hətta supermarketlərdə soyuducu avadanlıqların təhlükəsizliyini təmin edə bilmədiyini, buna baxmayaraq, öz problemlərinə görə başqalarını günahlandırdığını iddia edib.
“Bəli, İran güclüdür. Lakin Fransadan fərqli olaraq, biz Qəzzada kütləvi qətlləri dəstəkləmək və ya məktəb və xəstəxanaları bombalamaq yolu ilə güc nümayiş etdirmirik”, – deyə nazir qeyd edib.
Xatırladaq ki, Fransa oktyabr ayında supermarketlərin soyuducu sistemlərinə qarşı genişmiqyaslı kiberhücumun arxasında İranın dayandığını iddia edib. Paris bununla əlaqədar İranın səfirini Xarici İşlər Nazirliyinə çağırıb və Tehrana qarşı Avropa İttifaqı səviyyəsində sanksiyaların tətbiqinə çalışacağını açıqlayıb.
