İran XİN rəhbəri Aİ-yə nüvə eskalasiyasına qarşı xəbərdarlıq edib

AB3-ün (Böyük Britaniya, Almaniya və Fransa) snapback proseduruna başlamaq cəhdi ciddi eskalasiyaya gətirib çıxaracaq.
AFN.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. Bu mexanizm BMT Təhlükəsizlik Şurasının 2015-ci il Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) şərtlərinə əsasən, nüvə proqramı ilə əlaqədar Tehrana qarşı qaldırdığı bütün sanksiyaların bərpasını əhatə edəcək.
"İran öz mövqeyini açıqladı. Biz JCPOA-nı imzalayan bütün ölkələrə rəsmi şəkildə xəbərdarlıq etmişik ki, snapback mexanizmindən sui-istifadənin nəticələri olacaq - bu, nəinki Avropanın sazişdə iştirakının sona çatmasına, həm də geri dönməz ola biləcək gərginliyin artmasına gətirib çıxaracaq", - deyə Əraqçi X hesabında yazıb.
Onun sözlərinə görə, Moskva və Pekində (müvafiq olaraq 18 və 23 aprel) məsləhətləşmələrdən sonra münasibətlərdə yeni səhifə açmaq üçün Paris, Berlin və Londona səfər etməyə hazır olduğunu bəyan edib. "Bu, xarici işlər nazirlərinin müavinləri səviyyəsində ilkin danışıqlara gətirib çıxardı - kövrək, lakin perspektivli başlanğıcdır. Bununla belə, vaxt daralır", - deyə o əlavə edib.
Əraqçi qeyd edib ki, İran "münasibətlərdə səhifəni çevirməyə" hazırdır və ümid edir ki, avropalı tərəfdaşları da bu istəyi bölüşəcəklər.