İspaniyada 2012-ci ildən bəri ilk ümumrespublika tətili keçirilib
İspaniyada mənzil böhranına, kirayə qiymətlərinin artmasına və evdən çıxarılmalara etiraz olaraq təxminən 4 milyon insanın iştirak etdiyi ümumrespublika tətili keçirilib.
AFN.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bu, ölkədə 2012-ci ildən bəri keçirilən ilk ümumi tətildir.
Tətilə İspaniyanın iki ən böyük həmkarlar ittifaqı – Ümumi İşçilər İttifaqı (UGT) və İşçi Komissiyaları (CCOO), eləcə də kirayəçilərin birlikləri dəstək verib.
BBVA Research-in baş iqtisadçısı Migel Kardozo tətilin ölkənin illik ümumi daxili məhsuluna (ÜDM) 0,1-0,2 faiz həcmində mənfi təsir göstərə biləcəyini bildirib.
Axşam saatlarında Barselona və Madriddə keçirilən dinc aksiyalar iğtişaşlara çevrilib. Madridin İspaniya meydanı ətrafında polis nümayişçiləri dağıtmaq üçün rezin güllələrdən, gözyaşardıcı qazdan və bibər qazından istifadə edib.
Polisin məlumatına görə, tətil zamanı azı 73 nəfər saxlanılıb. Həmkarlar ittifaqları isə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 20 nəfərin xəsarət aldığını açıqlayıb. Onlar güc tətbiqinin qeyri-mütənasib olduğunu bildirərək bununla bağlı cinayət şikayəti verəcəklərini bəyan ediblər.

