Fransada aksiyalar fonunda toqquşmalar davam edir
Fransada lisey şagirdlərinin başladığı etirazların universitet tələbələri, valideynlər və həmkarlar ittifaqlarına yayılması ilə ölkə üzrə yüz minlərlə insan küçələrə çıxıb.
AFN.az xəbər verir ki, Paris və Marseldə keçirilən nümayişlər zamanı polis bibər qazından istifadə edib, Lionda toqquşmalar baş verib, Renn şəhərində isə etirazçılara qarşı su şırnaqlarından istifadə olunub.
Parisdə Respublika Meydanından yürüşə başlayan izdiham məktəblər üçün daha çox resurs ayrılmasını və polisin daha az təzyiq göstərməsini tələb edib.
Çərşənbə axşamı ölkə üzrə 891 liseydə tədris prosesində fasilələr yaranıb. Hökumətin məlumatına görə, 250 mindən çox nümayişçi küçələrə çıxıb.
Tələbə həmkarlar ittifaqları isə bu rəqəmin 450 min olduğunu və Üçüncü Aksiya adlandırılan hərəkat çərçivəsində 1 800 liseyin blokadaya alındığını bildiriblər.
Baş nazir Sebastyan Lekornu etirazların başlanmasından bəri 215 tələbə, 85 məktəb əməkdaşı və 715 polis əməkdaşının yaralandığını açıqlayıb.
Parlamentdə çıxışı zamanı o, yeddi ay sonra keçiriləcək prezident seçkiləri öncəsi radikal solçu “Tabe olmayan Fransa” partiyasını (LFI) xaos yaratmağa çalışmaqda ittiham edib.
Prezident Emmanuel Makron vəziyyəti qiymətləndirmək üçün çərşənbə axşamı axşam Yelisey sarayında nazirlərlə görüş keçirib.
Sentyabrın ortalarında Sena-Sen-Deni departamentindəki sıx siniflərə və baxımsız binalara etiraz olaraq başlayan aksiyalar dalğalanaraq yayılarkən, polisin qeyri-mütənasib güc tətbiq etdiyi barədə iddialar narahatlıq yaradır.
Polisin müdaxiləsi zamanı Paris yaxınlığındakı Sen-Uen-l'Omonda 14 yaşlı şagird üzündən yaralanıb, Lens şəhərində isə bir lisey şagirdinin əli qopub.
Daxili İşlər Nazirliyi sentyabrın 28-dən etibarən ümumilikdə 6 547 nəfərin saxlanıldığını açıqlayıb. Fransanın ən böyük həmkarlar ittifaqı CGT isə cümə axşamı yeni etiraz aksiyalarının planlaşdırıldığını bildirib.



