Fransada polisə müdafiə təminatı verən layihəyə etiraz



Fransada polis və jandarm əməkdaşlarına silahdan istifadə zamanı zəruri müdafiə baxımından geniş hüquqi təminat verən qanun layihəsinə qarşı Parisdə Senatın binası qarşısında etiraz aksiyası keçirilib. 

AFN.az xəbər verir ki, müxtəlif dərnək və vətəndaş cəmiyyəti təşkilatlarının çağırışı ilə təşkil olunan aksiyada qanun layihəsinə qarşı çıxan şəxslər paytaxtda Senatın qarşısına toplaşıblar.

Layihənin polislərə öldürmək səlahiyyəti verdiyini iddia edən etirazçılar Ədalət yoxdursa, sülh də yoxdur şüarını səsləndiriblər.

Üzərində Öldürmək səlahiyyətinə yox yazılmış plakatlar daşıyan aksiya iştirakçıları bu gün Senatda müzakirə olunan qanun layihəsindən imtina edilməsinə çağırıblar.

Etirazçılar Senatın qarşısında torpaq və qəbir daşlarından istifadə etməklə simvolik məzarlar yaradıblar.

Həmin qəbir daşlarının üzərində Fransada polis gülləsi və ya müdaxiləsi nəticəsində həyatını itirən şəxslərin adları və ölüm tarixləri yazılıb.

Qanun layihəsi parlamentdən keçəcəyi təqdirdə, Fransanın qanunvericiliyində müəyyən edilmiş şərtlər daxilində silahdan istifadə edən hüquq-mühafizə orqanlarının əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən zəruri müdafiə çərçivəsində hərəkət etmiş hesab olunacaqlar.

Layihəyə əsasən, silahdan qeyri-mütənasib şəkildə istifadə edildiyinə dair sübutlar olduğu halda polis və jandarm əməkdaşlarına verilən zəruri müdafiə təminatı qüvvədən düşə bilər.

Son illərdə ölkədə ərəb və qaradərili gənclərə qarşı polis zorakılığının artması səbəbindən müxtəlif vətəndaş cəmiyyəti təşkilatları və solçu siyasətçilər layihənin polis gülləsi ilə ölənlərin sayının artmasına səbəb ola biləcəyini bildirirlər.

Qanun layihəsi iyul ayında parlamentin aşağı palatası olan Milli Assambleyada qəbul edilmişdi.

Fransada qanun layihəsinin parlamentdən keçməsi üçün Senat və Milli Assambleyanın eyni mətn üzərində razılığa gəlməsi tələb olunur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu