ABŞ Gürcüstan parlamentində müzakirə olunan "xarici agentlər" haqqında qanun layihəsindən narahatdır
AFN.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransından bildirib. O, qeyd edib ki, bu qanun qəbul edilərsə, "müstəqil səsləri və özünü icması, ölkəsi, xalqı üçün daha yaxşı gələcək inşa etməyə həsr edən Gürcüstan vətəndaşlarını" susdurmaq üçün istifadə edilə bilər. "Biz bu qanunun Gürcüstanda söz azadlığı və demokratiyaya mümkün mənfi təsirlərindən dərin narahatlıq keçiririk" - deyə Prays vurğulayıb.
Dövlət Departamentinin sözçüsü hesab edir ki, qanun layihəsinin lehinə səs verənlər Gürcüstanın Avro-Atlantik inteqrasiyasını təhlükəyə atacaq: “Biz mövqeyimizi açıq və ikitərəfli şəkildə çatdırmışıq. Bu qanun layihəsinə səs verən şəxs Gürcüstanın Avro-Atlantik inteqrasiyasını təhlükəyə atacaq. Bu cür bir qanun layihəsi gürcü xalqının on illər boyunca ifadə etdiyi arzuları ilə, yola çıxdığı gələcəklə uyğun gəlmir".
Ned Prays onu da vurğulayıb ki, sözügedən qanun layihəsi ilə bağlı yalnız ABŞ deyil, digər tərəfdaş ölkələr, Avropa İttifaqı, BMT və Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları ciddi narahatlıq keçirirlər.
Gürcüstan parlamentində qeydiyyatdan keçirilmiş “Xarici təsirlərin şəffaflığı haqqında” qanun ölkə daxilində də etirazlara səbəb olub. Layihəyə əsasən, illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər hər ilin yanvar ayında “xarici təsir agenti” kimi reyestrdən keçməli olacaqlar. Reyestrdən keçməyənlər 25 000 lari (9 500 dollar) cərimə olunacaqlar.