İlham Əliyev: İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları ilə leqallaşdırılıb
Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub.
AFN.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünün iştirakçılarına müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı nəticəsində regionun ekologiyasına ağır ziyan dəyib. Bu cinayətlərdən əldə edilmiş külli miqdarda gəlir beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb.
İlham Əliyev bildirib ki, rəqəmsal inkişaf, xüsusilə də süni intellektin sürətli yayılması korrupsiya ilə mübarizə imkanlarını genişləndirməklə yanaşı, korrupsiyanın yeni təzahürlərinin meydana gəlməsinə və rəqəmsal maliyyə alətlərindən sui-istifadəyə şərait yaradır.
Onun sözlərinə görə, müvafiq hüquq-mühafizə orqanlarının müasir texnoloji həllərin potensialından səmərəli yararlanması bu cür cinayətlərin qarşısının alınmasında və effektiv araşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.

