Çində yaşlı əhali uşaqları geridə qoyub
Çin hökuməti ölkədə ailələrin ilk dəfə uşaqlardan daha çox yaşlı əhaliyə qayğı göstərdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, ötən həftə açıqlanan rəsmi məlumatlara görə, Çində əmək qabiliyyətli əhaliyə nisbətdə qayğıya ehtiyacı olan yaşlıların payı ötən il 23 faizə yüksələrək uşaqların 22 faizlik göstəricisini geridə qoyub.
Rəqəmlər Çində işçi qüvvəsinin azalmasının dünyanın ikinci ən böyük iqtisadiyyatına və ümumilikdə qlobal iqtisadi artıma necə təsir edə biləcəyini göstərən əlamətlər baxımından diqqətlə izlənilir.
Analitiklər bildiriblər ki, son məlumatlar Çinin ailələrə, pensiyalara və səhiyyə xərclərinə təsir göstərə biləcək əhalinin yaşlanması ilə mübarizəsində mühüm dönüş nöqtəsidir.
Çin son illərdə yaşlı əhalinin artan payına hazırlaşarkən gənc nəsilləri evlənməyə, cütlükləri isə daha çox uşaq sahibi olmağa təşviq edir.
Çin Milli Statistika Bürosunun son məlumatları ölkədə hazırda yaşı 65 və daha çox olan 223 milyondan artıq insanın yaşadığını göstərir. Bu, ölkənin ümumi əhalisinin təxminən 16 faizini təşkil edir.
Eyni zamanda, ölkədə yaşı 14 və daha az olan təxminən 213 milyon uşaq var. Statistik məlumatlarla birlikdə rəsmi açıqlama yayımlanmayıb.
Lakin Çinin dövlət nəzarətində olan Global Times nəşri ölkənin orta səviyyədə yaşlanan cəmiyyət mərhələsinə daxil olmasının əvvəlki nəsillərin say çoxluğu və ömür uzunluğunun artması kimi bir sıra amillərlə bağlı olduğunu yazıb.
Qəzet bu dəyişikliyin pensiya, səhiyyə və uzunmüddətli qayğı sistemlərinə əlavə təzyiq yarada biləcəyini, eyni zamanda yaşlı istehlakçılara yönələn gümüş iqtisadiyyat sahəsində yeni imkanlar aça biləcəyini qeyd edib.
Global Times-a danışan tədqiqatçı bu vəziyyətin qısamüddətli hadisədən daha çox demoqrafik inkişafda tarixi tendensiyanı əks etdirdiyini bildirib.
Honkonq Elm və Texnologiya Universitetinin professoru Stüart Gitel-Basten demoqrafik dəyişikliyin simvolik əhəmiyyət daşıdığını və dövlət xərclərinin daha böyük hissəsinin ailələr və məktəblərdən pensiyalara və səhiyyə xidmətlərinə yönələ biləcəyini göstərdiyini deyib.
Sinqapur Milli Universitetinin sosiologiya üzrə müəllimi Mu Zheng bu vəziyyətin ölkənin hədəfləri baxımından çətinlik yaradacağını bildirib. Onun sözlərinə görə, bu proses iqtisadi artımla yanaşı əhalinin xərcləmə imkanlarını da məhdudlaşdıra bilər.
Çində əhalinin yaşlanması sürətli urbanizasiya və 1980-ci ildən 2015-ci ilin sonunadək tətbiq olunan mübahisəli bir uşaq siyasəti də daxil olmaqla bir sıra amillərlə əlaqələndirilir. Çin hökuməti ölkədə sürətli əhali artımına nəzarət etmək üçün tətbiq edilən strategiyanın başlanmasından bəri təxminən 400 milyon doğuşun qarşısını aldığını hesab edir. Bununla belə, bu rəqəm mübahisə mövzusu olaraq qalır.
Mu bu siyasətin əhalinin azalmasında mühüm rol oynadığını və getdikcə daha çox yaşlı qohuma dəstək göstərməli olan gənclərin sayının azaldığını bildirib. Pekin hakimiyyəti ailələrin ölçüsünə qoyulan məhdudiyyətləri yumşaltsa da, cütlükləri daha çox uşaq sahibi olmağa inandırmaqda çətinlik çəkir və doğum səviyyəsi tarixi minimuma enib.
Mu doğum səviyyəsinə təzyiq göstərən digər amillər sırasında dəyişən gender rollarını, artan yaşayış xərclərini və təhsil səviyyəsinin yüksəlməsini də qeyd edib.
Pekin yaşlılara daha çox dəstək göstərilməsini bu ilin əvvəlində açıqlanan beşillik iqtisadi planın tədbirləri sırasına daxil edib. Pensiyaçılara maliyyə yardımı Çin hökumətinin xərclərində getdikcə daha böyük pay tutur.
Rəsmi məlumatlara görə, 2025-ci ilin sonuna 53 milyondan çox yaşlı insan qocalıq müavinəti və dəstək alırdı. Global Times qeyd edib ki, 1950–1970-ci illər arasında doğulan və hazırda yaşlılıq dövrünə qədəm qoyan bir çox insan əvvəlki nəsillərlə müqayisədə daha yüksək gəlirə, daha güclü alıcılıq qabiliyyətinə malikdir və ümumilikdə daha sağlamdır.
Asılılıq əmsalı əhalinin yaşlanmasını ölçmək üçün geniş istifadə olunur. Bununla belə, bəzi ekspertlər bu göstəricinin əhatə dairəsinin çox məhdud olduğunu bildirərək onu şübhə altına alırlar.
Gitel-Basten bildirib ki, statistik göstəricilərdən bu şəkildə istifadə edilməsi, onların bir çoxunu yanlış olaraq asılı vəziyyətdə təqdim etməklə yaşlı insanların iradəsini əlindən almaq riski yaradır.
O, həmçinin bu yanaşmanın səhiyyə xidmətlərindəki yaxşılaşmaları nəzərə almadığını vurğulayıb.

