İtaliyada demoqrafik böhran: 2025-ci ildə cəmi 355 min uşaq doğulub
İtaliyada 2025-ci ildə cəmi 355 min uşaq dünyaya gəlib ki, bu da İkinci Dünya müharibəsindən sonrakı dövr üçün ən aşağı göstəricidir.
AFN.az xəbər verir ki, "Ansa" agentliyinin məlumatına görə, ölkədə doğum əmsalı hər qadına 1,14 uşaq səviyyəsinə qədər düşüb.
Bu rəqəmlər Doğum Fondu tərəfindən İtaliya Milli Statistika İnstitutu (Istat) ilə əməkdaşlıq çərçivəsində hazırlanan "Natalità 2026: Volere o Potere" adlı məruzədə yer alıb. Sənəd Doğum Fondunun rəhbəri Cici De Palo, "Istat" prezidenti Françesko Mariya Çelli və Milli Sosial Müdafiə İnstitutunun (Inps) baş direktoru Valeriya Vittimberqinin iştirakı ilə keçirilən tədbirdə təqdim olunub.
Tədqiqata əsasən, əgər italyan qadınların uşaq sahibi olmaqla bağlı bəyan etdikləri planlar reallaşsaydı, 2025-ci ildə ölkədə təxminən 760 min körpə dünyaya gələ bilərdi — bu isə faktiki göstəricidən iki dəfədən də çoxdur.
Bununla belə, rəyi soruşulanların yalnız 5,5%-i valideynliyin onların həyat planlarına daxil olmadığını bildirib. İkinci uşağı dünyaya gətirməkdən imtina edənlərin əksəriyyəti iqtisadi, əmək və sosial maneələri əsas gətiriblər.
Təxminən 2,8 milyon italyan maliyyə çətinliklərini və əmək bazarındakı qeyri-sabitliyi uşaq dünyaya gətirmək üçün əsas maneə kimi qeyd edib. Qadınların demək olar ki, yarısı (49,9%) analığın onların karyerasına mənfi təsir edəcəyindən ehtiyatlanır. Kişilər arasında bu göstərici 24% təşkil edir.
Sosial müdafiə sisteminin üzərinə düşən yük də əlavə problem olaraq qalır: 3 milyondan çox qadın ailə vəziyyəti ilə əlaqədar çalışmır, kişilər arasında isə bu göstərici təxminən 151 min nəfərdir. Daha 763 min nəfər yaşlı valideynlərinə qulluq etmək məcburiyyətində qaldıqları üçün uşaq sahibi olmaqdan imtina etdiklərini bildirib.
Məruzə müəllifləri qeyd edirlər ki, İtaliya əhalinin sürətlə qocalması və artan demoqrafik disbalansla üz-üzədir. 2025-ci ildə 355 min doğum fonunda 652 min ölüm qeydə alınıb ki, bu da əhalinin təbii azalmasının təxminən 297 min nəfər təşkil etməsinə gətirib çıxarıb.
"Bir tərəfdən, İtaliya dünyada ən yüksək orta ömür uzunluğundan birinə — 83,4 yaşa malikdir. Digər tərəfdən, bu nailiyyət səhiyyə, sosial müdafiə və pensiya sisteminin dayanıqlılığına daha çox təzyiq göstərir", — deyə məruzədə vurğulanır.

