Yaponiyada yaponların sayı 42 ildən sonra ilk dəfə 120 milyonun altına düşüb
Yaponiya hökuməti 2025-ci ildə ölkədə yaşayan Yaponiya vətəndaşlarının sayının əvvəlki illə müqayisədə 917 min nəfər azalaraq 119 milyon 736 min 483 nəfərə düşdüyünü açıqlayıb.
AFN.az xəbər verir ki, Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyinin yaydığı statistikaya əsasən, ölkədə Yaponiya vətəndaşlarının sayında indiyədək qeydə alınmış ən böyük illik azalma baş verib.
Məlumata görə, 2025-ci ildə ölkədə yapon vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 917 min nəfər azalaraq 119 milyon 736 min 483 nəfərə enib.
Bununla da Şərqi Asiya ölkəsində yapon vətəndaşlarının sayı 42 ildən sonra ilk dəfə 120 milyonun altına düşüb.
Rəsmi statistikaya görə, əvvəlki illə müqayisədə qeydə alınan 917 min nəfərlik azalma 1968-ci ildən etibarən məlumatların aparıldığı dövr ərzində ən böyük illik geriləmə kimi qeydə alınıb.
Məlumatlarda qeyd olunur ki, 2025-ci ildə Yaponiyada təxminən 670 min doğum, buna qarşılıq isə təxminən 1,6 milyon ölüm hadisəsi qeydə alınıb.
Ölkədə daimi və ya müvəqqəti yaşamaq icazəsi olan xarici vətəndaşların sayı əvvəlki illə müqayisədə 354 min nəfər artaraq 4 milyon 31 min 159 nəfərə yüksəlib.
Xarici vətəndaşlar da daxil olmaqla, Yaponiyanın ümumi əhalisi 123 milyon 767 min 642 nəfər təşkil edib.
Mütəxəssislərin fikrincə əhalinin sayının azalmasının əsas səbəbləri cəmiyyətin sürətlə qocalması və doğum səviyyəsinin aşağı düşməsidir.



