Almaniyada avtomobil izdihama çırpıldı: Yaralılar var
Almaniyanın Aşağı Saksoniya əyalətinin Neustadt am Rübenberge şəhərində avtomobil qəsdən izdihamın üzərinə sürülüb.
AFN.az xəbər verir ki, hadisə nəticəsində azı 4 nəfərin yaralandığı bildirilir.
Almaniya Xəbər Agentliyinin (DPA) Hannover polisinin sözçüsünə istinadən yaydığı məlumata görə, Hannover şəhəri yaxınlığındakı Neustadt am Rübenberge-də dünən gecə avtomobil qəsdən izdihamın üzərinə sürülüb.
Hadisə yerinin yaxınlığında yol hərəkətinə nəzarət edən polis əməkdaşları avtomobili saxlamaq üçün ona atəş açıblar.
Avtomobildə olan və sayı hələlik məlum olmayan şübhəlilər hadisə yerindən piyada qaçıblar. Onların tutulması üçün başladılan axtarışlar nəticəsiz qalıb.
Polis sözçüsü hadisə nəticəsində bəziləri ağır olmaqla 4-5 nəfərin yaralandığını, xəsarət alanların dəqiq sayının hələ məlum olmadığını bildirib.
Sözçü yaralıların xəstəxanaya yerləşdirildiyini qeyd edib.
İzdihamın təsadüfi deyil, ehtimal ki, məqsədli şəkildə hədəf alındığını bildirən sözçü hadisədə iştirak edən şəxslərin bir-birini tanıdığının ehtimal edildiyini deyib.
Hadisə yerində sübutların toplanması davam edir. Faktla bağlı araşdırma başlanıb.

