ABŞ-da Konqres seçkiləri öncəsi sorğuların nəticələri açıqlanıb



ABŞ-da noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilər yaxınlaşdıqca sorğuların nəticələri də dəqiqləşməyə başlayıb. 

AFN.az xəbər verir ki, ölkə üzrə sorğuların orta göstəricilərinə əsasən, Demokratlar həm Nümayəndələr Palatasında, həm də Senatda üstün mövqedə görünsələr də, yekun nəticəni rəqabətin başabaş davam etdiyi seçki dairələri müəyyənləşdirəcək.

Noyabrın 3-də ABŞ-da 435 yerlik Nümayəndələr Palatasının bütün üzvləri, eləcə də 100 yerlik Senatın 35 üzvü seçiləcək.

Ölkədəki ümumi və ştatlar üzrə sorğuları toplayan Real Clear Politics (RCP) xəbər platformasının məlumatlarına görə, Senatdakı yerlərdən 46-nı Demokratların, 44-nü isə Respublikaçıların qazanacağı proqnozlaşdırılır.

10 ştatda isə namizədlər arasında mübarizə başabaş davam edir. Rəqabətin yaxın olduğu yerlərdən 8-i Respublikaçılara, 2-si isə Demokratlara meyilli görünür.

Respublikaçılar bu ştatların yarısında üstünlük əldə edərsə, yerlərin 50-50 bölünməsi halında belə, vitse-prezident JD Vensin bərabərliyi pozan səsi sayəsində Senatda çoxluğu təmin edə bilərlər.

Qanunvericiliyə əsasən, Senata da sədrlik edən ABŞ-ın vitse-prezidenti bərabərliyi pozan səsindən öz partiyasının xeyrinə istifadə edə bilər.

Bütün yerlərin seçkiyə çıxarıldığı Nümayəndələr Palatasında 218 yer qazanan tərəf çoxluğu əldə edəcək.

RCP-nin hazırkı məlumatlarına görə, Respublikaçıların Nümayəndələr Palatasında 182, Demokratların isə 227 yer qazanacağı gözlənilir.

Nümayəndələr Palatasında 26 yer uğrunda Demokratlarla Respublikaçılar arasında davam edən mübarizədə fərq azalıb.

Mövcud mənzərəyə görə, çoxluq əldə edən Demokratlar Nümayəndələr Palatasında üstün mövqedə görünürlər.

Hazırda ABŞ Senatında Respublikaçıların 53, Demokratların isə 45 yeri var. İki yerə sahib olan müstəqil senatorlar bir çox məsələdə Demokratlarla birlikdə hərəkət edirlər.

Nümayəndələr Palatasında isə Respublikaçıların 218, Demokratların 214, müstəqil üzvlərin bir yeri var. Palatada iki yer hazırda boşdur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu