Ursula fon der Lyayenin səlahiyyətlərinin artırılması təklif olunur


Avropa Komissiyasında (AK) hazırlanmış islahat planı qurumun sədri Ursula fon der Lyayenin səlahiyyətlərinin genişləndirilməsini və qərarvermə mexanizmlərinin mərkəzləşdirilməsini nəzərdə tutur.

AFN.az xəbər verir ki, bu barədə “Politico” nəşri sənədə istinadən məlumat yayıb. Avropa Komissiyasının 2005–2015-ci illərdə baş katibi olmuş Ketrin Deyin rəhbərlik etdiyi avropalı rəsmilər qrupu qurumun fəaliyyətinin yenidən təşkili ilə bağlı tövsiyələr hazırlayıb.

Təkliflərə əsasən, Komissiyanın Baş Katibliyinə departamentlərin fəaliyyətini əlaqələndirmək və onlar arasında yaranan mübahisələri həll etmək üçün daha geniş səlahiyyətlər verilməsi nəzərdə tutulur. Nəşr qeyd edir ki, fon der Lyayenin tabeliyində olan bu strukturun gücləndirilməsi hakimiyyətin mərkəzləşdirilməsi baxımından ciddi dəyişiklik olacaq.

Planın hazırkı mərhələsində departamentlərin birləşdirilməsi nəzərdə tutulmur. Bununla yanaşı, Avropa İttifaqında yeni agentliklərin yaradılmasına müvəqqəti moratorium tətbiq edilməsi, mövcud agentliklərin strukturlarının isə yenidən nəzərdən keçirilməsi təklif olunur. Bu proses bəzi qurumların birləşdirilməsi və səlahiyyətlərin yenidən bölüşdürülməsi ilə nəticələnə bilər.

Sənəddə işçilərin ixtisarı planlaşdırılmır. Lakin yuxarı rəhbər vəzifələrdə çalışan şəxslər üçün beşillik rotasiya sisteminin tətbiqi təklif edilir.

İslahat müəllifləri, həmçinin təkrarlanan qaydaların müəyyənləşdirilməsi, milli qanunvericiliyin təhlili və bürokratik yükün azaldılması üçün süni intellektdən istifadə etməyi təklif edirlər. Bundan başqa, köhnəlmiş qanunvericiliyin və lazımsız hesabat tələblərinin aradan qaldırılması məqsədilə Aİ-nin bütün qaydalar toplusunun hər beş ildən bir süni intellekt vasitəsilə nəzərdən keçirilməsi planlaşdırılır.

“Politico”nun məlumatına görə, təqdim olunan plan hələ təsdiqlənməyib. Bununla belə, adı açıqlanmayan rəsmilər sənədin ilin sonunadək hazırlanacaq yekun hesabata təsir göstərəcəyini bildiriblər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu