ABŞ İrana 96 saat ərzində genişmiqyaslı hücuma başlaya bilər



ABŞ-nin Yaxın Şərqdəki qüvvələrinin Prezident Donald Trampdan əmr aldıqdan sonra 96 saat ərzində İrana qarşı yeni və potensial olaraq genişmiqyaslı hücumlara başlamağa hazır olduğu iddia edilir. 

AFN.az xəbər verir ki, CNN-in adları açıqlanmayan iki amerikalı rəsmiyə istinadən yaydığı məlumata görə, Tramp qərar verəcəyi təqdirdə, ABŞ-nin İrana qarşı böyük hücum planları mövcuddur.

Xəbərdə bölgədə mümkün hücumlar üçün kifayət qədər qüvvənin olduğu bildirilir. İddia olunur ki, ABŞ-nin yeni hücumlarının miqyası mövcud vəziyyəti qorumağa yönəlmiş səyləri aşa bilər.

Məlumata görə, hazırkı və keçmiş amerikalı rəsmilərdən bəziləri Trampın hücum əmri verəcəyi təqdirdə bunun ilin sonunadək istənilən vaxt baş verə biləcəyini, lakin daha çox aralıq seçkilərdən sonraya təsadüf edəcəyini düşünürlər.

Xəbərdə rəsmilərin Trampın aralıq seçkilərdən sonra hansı addımı atacağına hələ qərar vermədiyi, lakin onun genişmiqyaslı əməliyyat əmri verməyə meyilli göründüyü barədə fikirləri yer alıb. Bununla belə, rəsmilər Trampın əvvəllər də bəzi addımları atmağa meyilli göründüyü halda son anda geri çəkildiyini xatırladaraq ehtiyatlı olmağa çağırıblar.

CNN-in iki amerikalı rəsmi və israilli təhlükəsizlik mənbəyinə istinadən yaydığı xəbərə görə, İsrailin Baş naziri Binyamin Netanyahu İrana qarşı yeni hücumların həyata keçirilməsi üçün təzyiq göstərib. Lakin amerikalı rəsmilərin Tramp administrasiyası birgə hücumlara hazır olana qədər Netanyahudan bu addımı təxirə salmağı istədikləri bildirilir.

Xəbərdə israilli təhlükəsizlik mənbəyinə istinadla Netanyahunun seçkilərdən əvvəl İrana qarşı birgə hücuma razılıq almağa çalışdığı, lakin Trampın buna yaşıl işıq yandırmadığı iddia edilir.

İsrailin ötən həftə İrana hücum ehtimalına hazırlaşdığı və bunun üçün amerikalı rəsmilərdən dəstək istədiyi bildirilir. Xəbərə görə, Tramp da daxil olmaqla ABŞ-nin yüksək vəzifəli rəsmiləri İsraildən gözləməyi istəyib və iki ölkənin yaxın vaxtlarda birgə hücumlara başlaya biləcəyinə işarə ediblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu