Tramp administrasiyasının BCM-yə qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyə hazırlaşdığı iddia edilib
ABŞ-da Donald Tramp administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı qlobal maliyyə sisteminə çıxışını məhdudlaşdıra biləcək genişmiqyaslı sanksiyalar tətbiq etməyə hazırlaşdığı iddia edilib.
The Wall Street Journalın (WSJ) araşdırdığı sənədlərə və ABŞ rəsmilərinə istinad verdiyi xəbərə görə, Tramp administrasiyası BCM-yə qarşı sanksiyaları genişləndirməyə hazırlaşır.
Rəsmilər planlaşdırılan sanksiyalar çərçivəsində 6-7 aylıq keçid müddətindən sonra BCM ilə həyata keçirilən əməliyyatların böyük hissəsinin qadağan edilməsinin nəzərdə tutulduğunu bildiriblər.
Onların sözlərinə görə, bu sanksiyalar BCM-nin dollarla əməliyyat aparmasına mane olacaq və bununla da məhkəmənin qlobal maliyyə sisteminin əhəmiyyətli hissəsinə çıxışını kəsərək fəaliyyətini ciddi şəkildə çətinləşdirə bilər.
Yekun qərarın nə vaxt qəbul ediləcəyi hələlik dəqiqləşməyib. ABŞ-ın bəzi rəsmiləri sanksiyaların bu həftə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası zamanı və ya sonrakı günlərdə rəsmiləşdirilə biləcəyini bildiriblər.
ABŞ Prezidenti Donald Tramp, xüsusilə İsrailin Baş naziri Binyamin Netanyahu olmaqla, Qəzzadakı soyqırımla bağlı bir çox israilli rəsmilər haqqında həbs qərarı çıxaran BCM-ni dəfələrlə tənqid edib və müttəfiqlərini BCM-dən çıxmağa çağırıb.
