ABŞ-ın Kubaya qarşı mümkün hərbi müdaxilə planlarını sürətləndirdiyi iddia edilir



ABŞ-da Prezident Donald Tramp administrasiyasının Kubaya qarşı mümkün hərbi müdaxilə ehtimalına qarşı hazırlıqlarını artırdığı iddia edilib.

AFN.az xəbər verir ki, "USA TODAY" qəzetinin məsələ ilə bağlı məlumatlı iki rəsmi şəxsə istinadən yaydığı xəbərə görə, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəhbərliyi altında Kubaya qarşı potensial əməliyyat üçün hərbi planlaşdırmalar sürətlənib.

Rəsmilər bu direktivlərin ABŞ ilə Kuba arasında son vaxtlar gərginləşən münasibətlərin göstəricisi olduğunu bildiriblər. Gərginliyin Tramp administrasiyasının yanvar ayında adaya neft tədarükünü məhdudlaşdırması ilə bağlı olduğu irəli sürülüb. Pentaqonun açıqlamasında isə planlaşdırmaların rutin xarakter daşıdığı qeyd olunaraq, hərəkətə keçməyə hazır olduqları vurğulanıb.

ABŞ Prezidenti Tramp 30 yanvarda Kubaya neft satan və ya təmin edən ölkələrdən gələn bütün mallara gömrük rüsumlarının tətbiqini nəzərdə tutan fərman imzalamışdı. Tramp aprelin 13-də verdiyi bəyanatda İran gündəmindən sonra Kuba məsələsi ilə də məşğul olacaqlarını bildirib:

"Kuba fərqli bir hekayədir. Ora illərdir bərbad idarə olunur. İrandan sonra ora baxa bilərik" - deyə o qeyd edib.

Kuba Dövlət Başçısı Migel Diaz-Kanel isə ABŞ-ın mümkün müdaxiləsi ilə bağlı sərt xəbərdarlıq edib. O, belə bir hal baş verərsə, mübarizə aparacaqlarını, özlərini müdafiə edəcəklərini və lazım gələrsə, ölməyə hazır olduqlarını bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu