Kuba ABŞ-ın mümkün hərbi müdaxiləsinə qarşı hazırlıq görür



Kuba Xarici İşlər nazirinin müavini Karlos Fernandes de Kossio ABŞ-dan gələ biləcək mümkün hücum qarşısında hərbi hazırlıq gördüklərini bəyan edib.

AFN.az xəbər verir ki, "NBC News"a müsahibə verən Fernandes de Kossio Kuba tərəfinin ABŞ üçün qətiyyən təhdid yaratmadığını bildirərək, bu səbəbdən ada ölkəsinə tətbiq edilən embarqonun və hərbi təhdidlərin heç bir əsaslı bəraətinin olmadığını vurğulayıb.

ABŞ-dan gələ biləcək hərbi müdaxilə ehtimalına toxunan nazir müavini silahlı qüvvələrinin hər zaman hazır olduğunu, bu günlərdə də mümkün hərbi hücum ssenarilərinə qarşı hazırlıqları davam etdirdiklərini qeyd edib. O, ölkəsinin hərbi təcavüz qarşısında millət olaraq tam səfərbər olmağa hazır olduğunu, lakin bunu hər zaman uzaq bir ehtimal kimi gördüklərini bildirib.

Fernandes de Kossio Kubanın sülhsevər bir ölkə olduğunu və ABŞ ilə masaya əyləşmək üçün hər cür dialoqa hazır olduqlarını dilə gətirib. ABŞ embarqosunun yaratdığı çətinliklərdən danışan rəsmi nümayəndə vəziyyətin çox ciddi olduğunu və bu embarqonun sonsuza qədər sürməyəcəyinə ümid etdiklərini bildirib.

Kuba Dövlət Başçısı Migel Diaz-Kanel isə martın 13-də verdiyi bəyanatda ada ölkəsinin təxminən 3 aydır xaricdən neft ala bilmədiyini, elektrik sisteminin hazırda yalnız günəş enerjisi, təbii qaz və mövcud istilik elektrik stansiyaları ilə ayaqda tutulmağa çalışıldığını qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu