KİV: ABŞ Yaxın Şərqə ən böyük hava gücünü daşıyır



ABŞ-ın 2003-cü ildəki İraq işğalından bəri Yaxın Şərq regionuna bu günə qədərki ən böyük hava qüvvələrini yerləşdirdiyi və İrana qarşı ehtimal edilən hücuma hazırlaşdığı iddia olunur.

"Wall Street Journal" (WSJ) qəzetinin ABŞ hökumət rəsmilərinə və keçmiş hərbçilərə istinadən yaydığı xəbərdə Vaşinqtonun son günlərdə İrana qarşı hava və dəniz hərbi komponentlərini gücləndirdiyi bildirilir. Xəbərdə qeyd olunur ki, bu addım 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə edilən birdəfəlik zərbə əvəzinə, İrana qarşı həftələrlə davam edə biləcək hava müharibəsi seçimi yaradacaq.

Hücum baş verəcəyi təqdirdə Trampa təqdim olunan hərbi variantların hamısının İran rejiminə və onun regional proksilərinə maksimum zərər vurmağı hədəflədiyi vurğulanır. Variantlar arasında İranın siyasi və hərbi liderlərinin məhv edilməsi, həmçinin nüvə və ballistik raket obyektlərinə hava zərbələrinin endirilməsi yer alır.

Məqalədə xatırladılır ki, Tramp danışıqlarda İranın nüvə proqramının dayandırılmasını, regional qüvvələrinin dağıdılmasını və ballistik raketlərinin məhv edilməsini nəzərdə tutan bir razılaşma istəyir. Lakin İran hava qüvvələrinin zəif olması səbəbindən sonuncu bəndlə razılaşmır və mümkün hərbi böhranda əsas çəkindirici amil kimi raketlərinə güvənir.

İranın hərbi əməliyyata qarşı bölgədəki ABŞ bazalarına yönəldə biləcəyi raket cəbbəxanasıHörmüz boğazını bağlamaq gücü də daxil olmaqla müəyyən üstünlüklərə malik olduğu ifadə edilir.

Rəsmilər İranın tələbləri qəbul edəcəyinə dair bədbin olduqlarını və Tehranın nüvə fəaliyyətlərini yalnız Tramp vəzifədən gedənə qədər dayandırmağa razı ola biləcəyini qeyd ediblər. Tehranın düşüncə tərzinə bələd olan mənbələr isə İranın danışıqlardan istifadə edərək hücumu geciktirməyə çalışacağını, lakin Trampın ümidləri boşa çıxacağı təqdirdə hücum əmri verə biləcəyini iddia edirlər.

1991-ci ildə İraqa qarşı keçirilən əməliyyatda iştirak etmiş ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalı Devid Deptula WSJ-yə açıqlamasında bu gücləndirməni belə şərh edib: "Ən yaxşı nəticə bu qüvvə artımının Trampın zarafat etmədiyini göstərən ciddi bir siqnal olması və İran liderlərini razılaşmaya təşviq etməsidir".

Xəbərdə diqqət çəkən məqamlardan biri də odur ki, bu dəfəki qüvvə artımı 1991 və 2003-cü illərlə müqayisədə daha azdır, çünki ABŞ Hərbi Hava Qüvvələri hazırda sayca daha kiçikdir. Hərbi hücum zamanı bölgədə əməliyyatı dəstəkləyəcək ABŞ və müttəfiq quru qoşunlarının olmadığı, İsrail aviasiyası iştirak etməsə, beynəlxalq koalisiyanın da yaranmayacağı vurğulanır.

Həmçinin 1991-ci ildən fərqli olaraq Səudiyyə Ərəbistanı və BƏƏ-nin hava məkanlarını ABŞ hücumları üçün bağladıqları, Amerika döyüş təyyarələrinin çoxunun İordaniyada yerləşdirildiyi xatırladılır. Tramp administrasiyası yüksək dəqiqlikli zərbələr və stels (görünməzlik) texnologiyalarından istifadə etməyi planlaşdırsa da, ilkin bombardmandan sonra nələrin baş verəcəyi ilə bağlı hələ də qeyri-müəyyənlik mövcuddur.

Uçuş məlumatlarına görə, İordaniyadakı "Muvaffaq Salti" və Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazalarına F-35, F-15, F-16, E-3 və E-11 təyyarələri göndərilib. Hazırda ABŞ-ın regionda 13 hərbi gəmisi, "USS Abraham Lincoln" təyyarədaşıyanı və ballistik raketlərə qarşı müdafiə sistemli 9 esminesi var. "USS Gerald R. Ford" təyyarədaşıyanı və daha 4 esmines isə yoldadır.

CNN-in xəbərində ordunun bu həftəsonu hücuma hazır olduğu, lakin Trampın hələ yekun qərar vermədiyi bildirilib. Ağ Evin sözçüsü Karolin Livitt qeyd edib ki, Trampın ilk seçimi diplomatiyadır, lakin hərbi hazırlıqlar da tamamlanıb.

Tramp isə Dieqo Qarsiya adasındakı ABŞ bazasının əhəmiyyətini vurğulayaraq, "İran razılaşmasa, ABŞ təhlükəli rejimin potensial hücumunu aradan qaldırmaq üçün Dieqo Qarsiya və Feyrforddakı hava bazalarından istifadə etməli ola bilər", – deyə bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu