Vucic məğlubiyyətini etiraf etdi
Serbiyada prezident vəzifəsindən istefa verərək Serb Tərəqqi Partiyasının (SNS) rəhbərlik etdiyi Aleksandar Vucic – Birləşmiş Serbiya siyahısının baş nazirliyə namizədi olan Aleksandar Vuçiç erkən parlament seçkilərində Tələbə Siyahısı qarşısında məğlubiyyətini qəbul edib.
AFN.az xəbər verir ki, o, dünən keçirilən növbədənkənar ümumi seçkilərdə Tələbə Siyahısının qalib gəldiyini açıqlayıb.
2014-cü ildə baş nazir vəzifəsinə gələn və 12 ildir hakimiyyətdə olan Vuçiç seçki məğlubiyyətini qəbul edərək Tələbə Siyahısının qələbə qazandığını bildirib.
Seçkinin nəticələrinin xarici dəstəklə həyata keçirilən prosesin məhsulu olduğunu iddia edən Vuçiç bundan sonra müxalifət olaraq mübarizəni davam etdirəcəklərini deyib.
Serbiyanın tanınmış siyasi xadimlərindən olan Vuçiç 2017 və 2022-ci illərdə ardıcıl iki dəfə prezident seçildikdən sonra bu seçkidə baş nazirliyə namizəd olmaq üçün prezident vəzifəsindən istefa verib.
2024-cü il noyabrın 1-də Novi Sad şəhərində dəmir yolu vağzalının beton örtüyünün çökməsi nəticəsində 16 nəfərin həyatını itirməsindən sonra başlayan və təxminən iki ildir davam edən tələbə etirazları Vuçiç və hökumətə təzyiqləri artırıb.
Novi Saddakı qəzadan sonra Tələbə Siyahısı – Tələbələr qalib gəlir şüarı ilə növbədənkənar parlament seçkilərinə qatılan tələbə hərəkatı dünənki səsvermədə qələbəsini elan edib.
Tələbə Siyahısı adından qələbə çıxışı edən akademik Radomir Saiçiç səs verən hər kəsə təşəkkür edib və gələcəyi qurmağa başlayacaqlarını bildirib.
Ənənəvi partiya strukturundan fərqlənən tələbə hərəkatının hökumətin formalaşdırılması prosesini necə aparacağı maraq doğurur.
Serbiyada 12 il hakimiyyətdə olan Vuçiç İsraillə yaxın münasibətləri ilə də diqqət çəkən liderlərdən biri idi.
Ölkəsinin İsraillə birgə döyüş dronları istehsal edəcəyini bildirən Vuçiç hərbi imkanları gücləndirmək məqsədilə İsrail istehsalı olan pilotsuz uçuş aparatları (PUA) üçün yeni montaj zavodunun açılışını da edib.
Vuçiç İsrailin Baş naziri Binyamin Netanyahu haqqında dostum ifadəsini də işlədib.
Serbiyada Azad Seçkilər və Demokratiya Mərkəzi (CeSID) qeyri-rəsmi nəticələrə əsasən, səslərin 56 faizinin hesablandığını bildirib. Tələbə Siyahısı səslərin 52 faizini, Vuçiçin rəhbərlik etdiyi SNS siyahısı isə 39 faizini əldə edib.
Ölkədə qeydiyyatda olan 6,4 milyondan çox seçici 250 yerlik Serbiya Milli Məclisinin yeni üzvlərini müəyyənləşdirmək üçün yerli vaxtla saat 20:00-dək səs verib.
Serbiya Dövlət Seçki Komissiyası (RIK) saat 19:00-dək seçici fəallığının 67,6 faiz olduğunu açıqlayıb. Ölkə mediası iştirak səviyyəsinin rekord həddə çata biləcəyini, 2023-cü il seçkilərində bu göstəricinin 58 faiz olduğunu bildirib.
Serbiyada dünən gün ərzində davam edən növbədənkənar parlament seçkiləri zamanı bəzi seçki məntəqələrində zorakılıq halları da qeydə alınıb.
Serbiya mediasının məlumatına görə, səsvermə keçirilən bəzi mərkəzlərdə maskalı qruplar məntəqələrdən çıxan vətəndaşlara hücum edib, onları dəyənəklərlə döyüblər.
Serbiya Daxili İşlər Nazirliyinin açıqlamasında isə Lazarevatsda baş verən zorakılıq hadisəsi zamanı iki polis əməkdaşının yaralandığı, bir neçə nəfərin polisə daş və təhlükəli əşyalar atdığı bildirilib.
Bəzi yerlərdə qayda pozuntularının baş verdiyi də iddia olunub. Seçki bülletenlərinin şəklinin çəkildiyi və təkrar səsvermənin qarşısını almalı olan sistemlərin düzgün istifadə edilmədiyi barədə iddialar yayılıb.
Digər tərəfdən, paytaxt Belqradın küçələrində seçki məntəqələrinin bağlanmasına yaxın çoxsaylı zirehli polis maşınları müşahidə olunub. Yüksək təhlükəsizlik tədbirləri diqqət çəkib.


