Serbiya Prezidenti Vuçiç istefa verəcəyini açıqladı
Serbiya Prezidenti Aleksandar Vuçiç 27 sentyabrda vəzifəsindən istefa verəcəyini açıqlayıb.
AFN.az xəbər verir ki, Vuçiç Serbiyada televiziya proqramına qatılaraq gündəmlə və oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı açıqlamalar verib.
Prezident vəzifəsindən sentyabrın 27-də istefa verəcəyini bildirən Vuçiç həmin gün axşam saatlarında xalqa müraciət edəcəyini və ona dəstək verənlərə təşəkkürünü çatdıracağını deyib.
Serbiyada çoxpartiyalı siyasi sistemə keçildikdən sonra vəzifədə ən uzun müddət qalan prezident olduğunu bildirən Vuçiç “Bu ölkənin vətəndaşları olmadan bunu bacara bilməzdim. Deyə biləcəyim yeganə şey odur ki, Serbiyaya və bu ölkənin vətəndaşlarına sədaqətlə, əzmlə və fədakarlıqla mübarizə apararaq xidmət etmişəm” deyib.
İstefasından sonra oktyabrın 25-də keçiriləcək növbədənkənar parlament seçkilərinin kampaniyasına sıravi vətəndaş kimi qatılacağını bildirən Vuçiç “Kiçik bir yük maşını da almışam, öz avtomobilim var. Hər yerdə yata bilməyəcəyim üçün bir karvan da aldım. Ən ucqar kəndlərə gedəcəyəm, gec saatlara qədər qalsam, orada qalacağam. Çoxlu kənd var. Hələ getmədiyim minlərlə kənd mövcuddur. Şəhərləri də gəzmək istəyirəm” deyə bildirib.
Serbiya Tərəqqi Partiyasının (SNS) seçki kampaniyası çərçivəsində, xüsusilə paytaxt Belqrad olmaqla iri şəhərlərdə mitinqlər keçirəcəyini bildirən Vuçiç SNS-in 50 faizdən çox səs toplamağa layiq olduğuna inandığını qeyd edib.



