Polşa hərbçiləri 6 gündür naməlum obyekti axtarır
Polşada Lyublin şəhəri yaxınlığında səsi eşidilən naməlum uçan obyektin altı gün davam edən axtarışları heç bir nəticə verməyib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, RMF24-ün məlumatına görə, əməliyyata onlarla hərbçi və hərbi helikopter cəlb olunsa da, obyektin hər hansı izini aşkar etmək mümkün olmayıb.
Yerli sakinlərdən ilk məlumatlar bazar günündən bazar ertəsinə keçən gecə, saat 02:00 radələrində daxil olub. Onlar uçan obyektə bənzər bir şeyin yüksək səsini eşitdiklərini bildiriblər. Bununla belə, partlayış səsi eşidilməyib və binalarda hər hansı zərər qeydə alınmayıb.
Axtarışlara Polşa Ərazi Müdafiə Qüvvələrinin hər gün 30-dan çox hərbçisi cəlb edilib. Onlar Lyublin yaxınlığındakı Zemborjits su anbarının ətrafını, həmçinin şəhərin cənubundakı əraziləri, o cümlədən S19 sürətli yolunun yaxınlığında yerləşən Nedşvitsa-Duja kommunasının ərazisini yoxlayıblar. Əməliyyatın ilk günlərində hərbi helikopterdən də istifadə olunub.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı bildirib ki, mütəxəssislər radar müşahidələrinin məlumatlarını və sakinlərin müraciətlərini araşdırıblar. Hadisənin mümkün izahları arasında meteoroloji hadisələr, qaçaqmalçılıq fəaliyyəti və təxribat ehtimalı nəzərdən keçirilib.
Bununla belə, Polşanın hava məkanının pozulduğunu təsdiqləyən heç bir sübut əldə edilməyib. Altı günlük axtarışlardan sonra, cümə günü əməliyyat rəsmi olaraq başa çatdırılıb.


