ABŞ-ın vurduğu naməlum obyektlər nəyə oxşayır? - DETALLAR


ABŞ-da Huron gölünün yaxınlığında yüksək hündürlükdə uçan naməlum obyekt vurulub. Bununla da fevral ayının əvvəlindən bəri ABŞ səmasında görünən və zərərsizləşdirilən naməlum obyekt sayı 4-ə yüksəlib.


Bu obyektlə bağlı çoxlu iddialar var. AFN.az xəbər verir ki, CNN kanalı onların necə göründüyü, nəyə bənzədiyi barədə məlumat yayımlayıb. Məlum olub ki, Huron gölü üzərində vurulan obyekt ilk olaraq Montana üzərində aşkar edilib və dərhal olduğu bölgəyə döyüş təyyarələri göndərilib. Lakin təyyarələr obyekti tapa bilməyib. Bunun anomaliya olduğu güman edilsə də, sonradan radar əlaqəsi bərpa edilib, obyektin əvvəlcə Viskonsin, sonra isə Miçiqan üzərində uçduğu aşkarlanıb. Onun heç bir hərbi təhlükə yaratmadığı dəqiq olsa da, mülki reyslər üçün təhlükə yarada biləcəyi səbəbindən ABŞ prezidenti Co Baydenin əmrilə obyekt vurulub.

Bəs bu uçan obyektlər nəyə bənzəyir?

Obyekt haqqında məlum olanlar hələlik pilotların təsvirləri ilə məhdudlaşır. Bildirilir ki, onlar bir neçə gün əvvəl ABŞ səmasında görünən və vurulan Çin "casus şarları" və ya digər hansısa hava şarlarına bənzəmir. Onlar balonlardan daha kiçikdir, silindrik quruluşa malik olduğu bildirilir. Digərləri onun səkkizbucaqlı olduğunu düşünürlər.

CNN-ə danışan və adının hallandırılmasını istəməyən mənbə bildirib ki, obyekti izləyən pilotlardan biri obyektə yaxınlaşarkən təyyarələrin sensorlarının sıradan çıxdığını deyib. Lakin mənbə digər pilotların belə bir ifadəsinin olmadığını qeyd edib. Obyekt ABŞ-ın F-22 təyyarəsindən atılan AIM-9X raketi ilə vurulub. Dağıntılar götürülənə qədər obyekt haqqında dəqiq açıqlama verilməyəcək. Ekipajlar hələ də qalıqları çıxarmağa çalışırlar.

Kanada üzərində görünən və ABŞ hava qüvvələri tərəfindən zərərsizləşdirilən obyektin isə şara bənzədiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu