Hörmüz boğazında iki neft tankeri minaya düşüb
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb.
AFN.az xəbər verir ki, İnqilab Keşikçiləri Ordusunun açıqlamasında tankerlərdən birinin Hörmüz boğazının şərqində, digərinin isə boğazın daxilində izləmə sistemlərini söndürərək keçməyə çalışdığı və bu zaman minaya düşdüyü bildirilib.
Açıqlamada hadisədən sonra gəmilərdə yanğın baş verdiyi və yanğının hələ də davam etdiyi qeyd olunub. Həmçinin vurğulanıb ki, Hörmüz boğazındakı gəmilər ABŞ-nin təzyiqi ilə minalanmış ərazidən keçməyə çalışarsa, mina partlayışları nəticəsində baş verən hadisələr davam edə bilər.
İran mətbuatı tankerlərin minaya düşməsi barədə məlumat yayılmamışdan əvvəl Hörmüz boğazı yaxınlığındakı Kişm adasında iki partlayış səsinin eşidildiyini bildirmişdi.
Adı açıqlanmayan iranlı rəsmi isə Kişm adasında eşidilən partlayış səslərinin Hörmüz boğazı ilə əlaqəli olduğunu söyləmişdi.
İran dövlət televiziyası da partlayışların Hörmüz boğazındakı gəmilərə qarşı xəbərdarlıq atəşləri açılması nəticəsində baş vermiş ola biləcəyini qeyd etmişdi.
