Beynəlxalq sammitin iştirakçıları “ASAN xidmət”də olublar
Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının (BMT) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq tədbirin iştirakçıları “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
AFN.az xəbər verir ki, qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış "ASAN xidmət"mərkəzləri, eləcə də burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə olunan nəticələr barədə ətraflı təqdimat edilib.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” proqramı çərçivəsində “Dünyanın ən qabaqcıl dövlət xidməti” nominasiyası üzrə xüsusi mükafata layiq görülməsi, o cümlədən “ASAN xidmət” modelinin 50-dən çox ölkə ilə paylaşıldığı diqqətə çatdırılıb.
Qonaqlar həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD” publik hüquqi şəxsin, Səyyar ASAN xidmətin, “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.
Tədbirdə BMT-yə üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edir.

