Kaliforniyada 548 məhbusun ölüm hökmü ömürlük həbslə əvəzlənib



ABŞ-ın Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ştatda ölüm hökmünə məhkum edilmiş bütün şəxslərin cəzasını şərti azad edilmə imkanı olmadan ömürlük həbslə əvəz etdiyini açıqlayıb.

AFN.az xəbər verir ki, qubernator Nyusom Kaliforniya sakinlərinə ünvanlanan açıq məktub yazıb.

Nyusom Konstitusiyanın ona verdiyi əfv səlahiyyətindən Kaliforniyada ölüm hökmünə məhkum edilmiş bütün şəxslərin cəzasını şərti azad edilmə imkanı olmadan ömürlük həbslə əvəz etmək üçün istifadə etmək qərarına gəldiyini bildirib.

O, təxminən 30 ildir ştatlarda ölüm hökmlərinə qarşı çıxdığını vurğulayaraq, edamların Kaliforniyanın müdafiə etdiyi dəyərlərə zidd olduğunu qeyd edib.

ABŞ mətbuatının məlumatına görə, sonuncu dəfə 20 il əvvəl bir nəfərin edam edildiyi Kaliforniya ölkədə ən çox ölüm hökmünə məhkum edilmiş şəxsin saxlanıldığı ştat kimi tanınır.

Qubernator Nyusomun bu qərarının 548 məhbusa şamil olunacağı gözlənilir.

Nyusom 2019-cu ilin martında ştatda ölüm hökmlərinin icrasının dayandırılması ilə bağlı sərəncam imzalamışdı.

ABŞ-ın Tennessi ştatında ölüm hökmünün icrası üçün Krista Payka sentyabrın 30-da iki doza dərman verilsə də, onun ürəyi dayanmayıb. Payk həbsxanadan kənarda yerləşən tibb müəssisəsinə köçürülüb.

Edamın həyata keçirilə bilməməsindən sonra ölkədə tətbiq edilən ölüm hökmləri yenidən müzakirələrin əsas mövzusuna çevrilib.

Tennessi ştatının qubernatoru Bill Li hadisənin araşdırılması barədə göstəriş verib. Araşdırma müddətində ştatda ilin qalan hissəsi üçün planlaşdırılan edamlar da dayandırılıb.

Payk 1995-ci ildə, 18 yaşında olarkən sinif yoldaşı Kollen Slemmeri öldürməkdə təqsirli bilinərək ölüm hökmünə məhkum edilib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu