Gecə qəlyanaltı istəyinin səbəbləri və qarşısını almağın yolları
Axşam yeməyindən sonra qəlyanaltı etmək istəyi bir çox insanın qarşılaşdığı geniş yayılmış hal kimi diqqət çəkir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri axşam yeməyindən sonra gecə saatlarında nəsə yeyir. 18-24 yaş arasındakı şəxslərdə isə bu göstərici 80 faizə qədər yüksəlir.
AFN.az xəbər verir ki, qidalanma üzrə mütəxəssis doktor Kristine Beaulieu yatmazdan əvvəlki iki saat ərzində yemək yeməyin çəki artımı və piylənmə riskini yüksəltdiyini bildirib.
Gün ərzində nə qədər yemək yeyilməsindən asılı olmayaraq, insanın iştahının təbii olaraq axşam saatlarında ən yüksək səviyyəyə çatdığı bildirilir.
Bath Universitetinin professoru Ceyms Betts aclıq hormonu olan qrelinin günün sonrakı saatlarında daha yüksək səviyyədə olduğunu bildirib. Betts bu hormonun adətən yeməkdən sonra zəiflədiyini, lakin bunun əsasən səhər yeməyindən sonra baş verdiyini, nahar və axşam yeməklərindən sonra isə eyni təsirin müşahidə olunmadığını deyib.
Protein və liflə zəngin yeməklərin insanı daha uzun müddət tox saxladığını vurğulayan mütəxəssislər bildirirlər ki, qidalı axşam yeməyi yeyilmədikdə gecə saatlarında aclıq hissi yarana bilər.
Bununla yanaşı, gecə ac oyanmaq qorxusu və televizora baxarkən nəsə yemək kimi vərdişlər də bu vəziyyəti tətikləyir. Birmingem Universitetinin professoru Syuzan Hiqs ətraf mühit amillərinin və vərdişlərin iştaha birbaşa təsir etdiyini bildirib.
Günün gec saatlarında yalnız aclıq hissi deyil, eyni zamanda yüksək kalorili qidalara meyl də artır. Lids Universitetindən doktor Beaulieu beyindəki mükafat sisteminin işə düşməsi ilə yağlı və şəkərli qidalara marağın yüksəldiyini bildirib. Şəkər, yağ və duz miqdarı yüksək olan qidalar insan tox olsa belə, beynin mükafat mexanizmini aktivləşdirərək yemək istəyini artırır.
Gec saatlarda yemək yeməyin yuxu keyfiyyətinə təsiri ilə bağlı müxtəlif araşdırmaların nəticələri mövcuddur. Emal edilmiş karbohidratlar və əlavə şəkər ehtiva edən qidaların qanda şəkərin səviyyəsində dalğalanmalara səbəb olaraq yuxu keyfiyyətinə mənfi təsir göstərə biləcəyi bildirilir. Surrey Universitetinin professoru Conatan Conston yuxusuzluğun da iştahı və yüksək kalorili qidalara tələbatı artırdığını qeyd edib.
Mütəxəssislər gecə qəlyanaltı etmək istəyini nəzarət altına almaq üçün ilk növbədə bu vəziyyətin əsas səbəbinin müəyyənləşdirilməli olduğunu bildirirlər. Həqiqətən aclıq hiss edilirsə, gün ərzində əsas yeməklərin daha doyurucu olması tövsiyə edilir.
Qəlyanaltı etmək vərdiş halına gəldikdə isə gündəlik rutinlərin dəyişdirilməsi və sağlam alternativlərin hazır saxlanılması məsləhət görülür. Doktor Beaulieu meyvə, yoqurt və çərəz kimi sağlam seçimlərin evdə asanlıqla əlçatan olmasının gecə yemək vərdişlərinə müsbət təsir göstərəcəyini bildirib.

