Korsika hakimiyyəti Parislə danışıqların bərpasını tələb edir


Korsika Assambleyası Fransadan adanın muxtariyyət statusu ilə bağlı danışıqların davam etdirilməsi üçün siyasi təminatlar tələb edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, noyabrın 5-də keçirilən növbədənkənar iclasda qəbul edilən qətnamədə Fransa hökumətinə yaxın günlərdə yerli deputatlarla görüş keçirmək və danışıqları bərpa etmək çağırışı yer alıb.

Görüşün məqsədi 2026-cı ilin sonunadək Fransa parlamentinin hər iki palatasının birgə iclasına təqdim edilə biləcək siyasi razılaşmanın əldə olunmasıdır.

Fransanın baş naziri Sebastyan Lekorny Korsika nümayəndə heyətini muxtariyyət layihəsi üzrə müzakirələri davam etdirmək üçün noyabrın 9-da Parisə dəvət edib. Lakin adanın İcraiyyə Şurasının rəhbəri Jil Jovanandjelli lazımi təminatlar verilmədən bu dəvətin qəbul edilməyəcəyini bildirib. Onun sözlərinə görə, hökumət əvvəlcə mövqeyini dəqiqləşdirməli və danışıqların növbəti mərhələsi üçün konkret qrafik müəyyənləşdirməlidir.

Paris və Ayyaçço arasında rəsmi danışıqlar 2022-ci ilin martından aparılır. Adada korsikalı millətçi İvan Kolonnanın həbsxanada ölümündən sonra baş verən iğtişaşlar bu prosesin başlanmasına təkan verib. Danışıqlar Fransanın Daxili İşlər Nazirliyinin yerləşdiyi meydanın adına uyğun olaraq “Bovo prosesi” adlandırılıb.

İkiillik müzakirələrdən sonra Korsikaya muxtariyyət verilməsinə yol açan razılaşma əldə olunub. Müvafiq layihə Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada birinci oxunuşda qəbul edilsə də, Senatda dəstək qazanmayıb.

Senat adada azı beş il yaşayan şəxslərə münasibətdə “rezident” anlayışının tətbiqini və korsika dilinin fransız dili ilə yanaşı rəsmi status almasını nəzərdə tutan təklifləri rədd edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu