Fransa və Kipr adada qoşun yerləşdirilməsinə dair saziş imzalayacaq
Fransa və Kipr Respublikası iyunun 8-də Parisə məxsus hərbi qüvvələrin adada yerləşdirilməsini nəzərdə tutan mühüm müdafiə sazişi (SOFA) imzalayacaq.
AFN.az "Politico" nəşrinə istinadən xəbər verir ki, sənəd Nikosiyada keçirilən Aİ Şurasının qeyri-rəsmi iclası çərçivəsində Fransa silahlı qüvvələr naziri Katrin Votren və Kiprin müdafiə naziri Vasilis Palmas tərəfindən imzalanacaq. Saziş fransız qoşunlarının adada qalma, məşq etmə və fəaliyyət göstərmə şərtlərini hüquqi müstəvidə tənzimləyəcək.
Kipr Prezidenti Nikos Xristodulidis mövzu ilə bağlı verdiyi bəyanatda bildirib ki, bu müqavilə iki ölkə arasında genişlənmiş strateji tərəfdaşlığın tərkib hissəsidir: "Saziş Fransa qüvvələrinin Kipr ərazisində genişləndirilmiş əməkdaşlıq çərçivəsində, regional böhranlar zamanı sırf humanitar məqsədlərlə və təxliyə əməliyyatlarında iştirakı üçün iştirakını nəzərdə tutur". Qeyd olunur ki, sənəd həmçinin Kiprin Mari hərbi-dəniz bazasının modernləşdirilməsində Fransa Hərbi Dəniz Qüvvələrinin təcrübəsindən yararlanmağı da əhatə edir.
Xatırladaq ki, Kipr adası 1974-cü ildən bəri faktiki olaraq iki hissəyə bölünüb. Adanın təxminən 37%-ni əhatə edən şimal hissəsində 1983-cü ildə ŞKTR elan edilib və bu dövləti dünyada yalnız Ankara rəsmi olaraq tanıyır. Əsasən yunanların məskunlaşdığı cənub hissə (Kipr Respublikası) isə beynəlxalq birlik və Aİ tərəfindən adanın yeganə qanuni təmsilçisi kimi qəbul olunur.




