Braziliyada tornado hava limanını dağıdıb



Braziliyanın Santa-Katarina ştatının Şapeko şəhərində baş verən tornado hava limanına ciddi ziyan vurub. Terminalın şüşə fasadını dağıdan və anqarların dam örtüklərini uçuran hadisə nəticəsində bütün uçuş əməliyyatları qeyri-müəyyən müddətə dayandırılıb.

AFN.az xəbər verir ki, Braziliyanın cənubundakı Santa-Katarina ştatında baş verən güclü tornado Şapeko şəhərində genişmiqyaslı dağıntılara səbəb olub. Dünən şəhərdə qeydə alınan və sürəti saatda 126 kilometrə çatan tornado, xüsusilə Serafim Enoss Bertaso Hava Limanına ciddi ziyan vurub. Hava limanının terminal binasının şüşə fasadının bəzi hissələri, eləcə də anqarların bir qismi dağılıb. Güclü külək və leysan yağışın təsir göstərdiyi ərazidə çoxsaylı tikililərə ziyan dəyib, hava limanında uçuş əməliyyatları isə qeyri-müəyyən müddətə dayandırılıb. Hava limanının rəhbərliyi sərnişinlərə uçuşlarla bağlı aktual məlumat almaq üçün aviaşirkətlərlə əlaqə saxlamağı tövsiyə edib.

Sosial şəbəkələrdə paylaşılan foto və videolarda hava limanının ərazisində əyilmiş metal konstruksiyalar, dağılmış dam örtükləri, sınmış şüşələr və ətrafa səpələnmiş dağıntılar diqqət çəkib.

Güclü fırtına Santa-Katarina ştatının geniş ərazisində dağıntılara səbəb olub. Ən azı 18 bələdiyyədə binalara ziyan dəyib, müxtəlif tikililər dağılıb və elektrik enerjisinin verilişində fasilələr yaranıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu