Avropada bomba xəbərdarlıqları çoxsaylı reyslərin istiqamətini dəyişib



Avropanın müxtəlif ölkələrində çoxsaylı sərnişin təyyarələrinə bomba xəbərdarlığı daxil olub. Aer Lingus, Finnair və Wizz Air reyslərinin də olduğu bəzi təyyarələr marşrutlarını dəyişərək başqa hava limanlarına eniş edib.

AFN.az xəbər verir ki, Avropada kommersiya uçuşlarına qarşı bomba xəbərdarlıqları cümə axşamı səhər saatlarında da davam edib. Avropanın müxtəlif ölkələrində ən azı 15 təyyarə bu xəbərdarlıqlardan təsirlənib. Hadisə çərşənbə axşamı 7 reysə oxşar xəbərdarlıqların edilməsindən sonra bir həftə ərzində ikinci dəfə baş verib.

Aer Lingus təyyarəsi Fransaya enib

Dublindən Romaya uçan Aer Lingus aviaşirkətinin EI402 reysi Fransanın Normandiya bölgəsindəki Evreux hərbi hava bazasına yönləndirilib. Şirkət təyyarənin təhlükəsizlik tədbiri olaraq istiqamətini dəyişdiyini və problemsiz eniş etdiyini bildirib. Sərnişinlərin təyinat məntəqələrinə çatdırılması üçün iş aparıldığı qeyd olunub.

Wizz Air aviaşirkətinin Milan Malpensa–Varşava reysi də uçuş zamanı bomba xəbərdarlığı daxil olduqdan sonra Vyanaya enib. Şirkət həmin dövrdə bir çox aviaşirkətin oxşar xəbərdarlıqlarla üzləşdiyini açıqlayıb. Wizz Air-in Milan–Buxarest reysi isə Rumıniya mətbuatının məlumatına görə, xəbərdarlıqdan sonra paytaxta problemsiz eniş edib.

Bolqarıstan: Üç Ryanair təyyarəsində problem aşkarlanmayıb

Madriddən, Kopenhagendən və London Stansteddən Sofiyaya uçan üç Ryanair təyyarəsinə bomba xəbərdarlığı daxil olub. Bolqarıstan Nəqliyyat Nazirliyi Madrid və Kopenhagen reyslərinin Sofiyaya uçuşunu davam etdirdiyini, London reysinin isə Filibe (Plovdiv) şəhərinə yönləndirildiyini açıqlayıb. Aparılan yoxlamalar zamanı heç bir problemin aşkarlanmadığı, Sofiya və Filibe hava limanlarında əməliyyatların normal rejimə qayıtdığı bildirilib. Filibeyə enən sərnişinlərin Sofiyaya daşınması üçün isə tədbirlər görülür.

Praqa: Dörd təyyarədə partlayıcı aşkarlanmayıb

Çexiya polisi Praqaya gələn dörd təyyarədə kustar üsulla hazırlanmış partlayıcı qurğunun olduğu barədə xəbərdarlıq aldığını açıqlayıb. Polis təhdidin inandırıcılığını aşağı qiymətləndirib. Təyyarələr endikdən sonra aparılan pirotexniki yoxlamalar zamanı partlayıcı maddə aşkarlanmayıb. Araşdırmanı Çexiya polisinin Terrorizm, Ekstremizm və Kibercinayətkarlıqla Mübarizə Mərkəzi (NCTEKK) öz üzərinə götürüb.

Roma və Varşavada yoxlamalar nəticəsiz qalıb

Helsinkidən havaya qalxan iki Finnair təyyarəsi Roma və Vyanaya problemsiz enib. Şirkət hər iki təyyarəyə əsassız və ya saxta bomba xəbərdarlığı daxil olduğunu açıqlayıb. Roma Fiumicino Hava Limanını idarə edən ADR yoxlamaların mənfi nəticələndiyini və hava limanının fəaliyyətinə təsir göstərmədiyini bildirib.

Varşavadan Brüsselə uçan LOT aviaşirkətinin LO235 reysində də şübhəli heç nə aşkarlanmayıb. Şirkət ekipajın uçuş zamanı yoxlama apardığını, Brüsseldə keçirilən əlavə yoxlamanın da heç bir nəticə vermədiyini bildirib.

Milan istiqamətində uçan daha iki təyyarəyə xəbərdarlıq edilib

İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, Salonikidən Milan Malpensa hava limanına uçan Aegean Airlines təyyarəsi və Portodan eyni hava limanına gələn Ryanair təyyarəsi də bomba xəbərdarlığı alıb. Hər iki təyyarə problemsiz enib, səlahiyyətli qurumlar yoxlamaları davam etdirir.

Bomba xəbərdarlıqlarının mənbəyi və onların arxasında dayanan şəxslər və ya qruplar barədə hələlik məlumat verilməyib. Çərşənbə axşamı edilən xəbərdarlıqlara görə də heç kim məsuliyyəti üzərinə götürməyib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu