Cənubi Koreyada maliyyə şirkətlərinə 40 kiberhücum edilib



Cənubi Koreya Maliyyə Xidmətləri Komissiyası maliyyə sektorunda fəaliyyət göstərən 37 şirkətə 40 kiberhücum edildiyini və 473 min şəxsi məlumat qeydinin oğurlandığını açıqlayıb.

AFN.az xəbər verir ki, dünyanın ən böyük kriptovalyuta birjası Binance-ə qarşı kiberhücumun rezonansı davam edərkən, Cənubi Koreyada da oxşar hadisə baş verib. Cənubi Koreya Maliyyə Xidmətləri Komissiyasının (FSC) yazılı açıqlamasında sentyabrın 30-dan noyabrın 3-dək maliyyə sektorunda fəaliyyət göstərən 37 şirkətə 40 kiberhücumun həyata keçirildiyi bildirilib. Hücumlar nəticəsində 473 min şəxsi məlumat qeydinin qanunsuz yolla ələ keçirildiyi qeyd olunan açıqlamada oğurlanan məlumatların əsasən əməkdaşların məlumatlarını, eləcə də müştərilərin adlarını, şəxsiyyət nömrələrini və hesab nömrələrini əhatə etdiyi bildirilib. İndiyədək müştərilərin hesab şifrələrinin oğurlanması ilə bağlı heç bir halın qeydə alınmadığı vurğulanıb.

Kiberhücumlar nəticəsində oğurlanan vəsaitin kiçikmiqyaslı bəzi maliyyə və kriptovalyuta şirkətlərinin idarəetmə hesablarından çıxarıldığı, fərdi istifadəçilərin isə hər hansı maliyyə itkisinə məruz qalmadığı qeyd olunan açıqlamada indiyədək ümumilikdə təxminən 1 milyard von (təxminən 750 min dollar) məbləğində vəsait itkisi barədə məlumat verildiyi bildirilib.

FSC-nin Maliyyə Nəzarəti Xidməti (FSS) ilə birlikdə istehlakçıların qorunması üçün bütün zəruri səyləri göstərəcəyi və hücumlardan təsirlənən şirkətləri ciddi şəkildə yoxlayacağı vurğulanıb.

FSC-nin sədri Li Oq-Von süni intellekt mənşəli kiberhücum təhdidlərinin artmasına qarşı görüləcək tədbirlərin müzakirə olunduğu iclasda etdiyi çıxışda təhlükəsizlik zəifliyinə səbəb ola biləcək səhlənkarlıqlara yol verilməyəcəyini vurğulayıb. Li ciddi idarəetmə nöqsanları və ya müdaxilə zamanı səhlənkarlıq halları aşkarlandıqda, qanun və qaydalara uyğun olaraq baş direktor da daxil olmaqla şirkətlərin rəhbərliyini qəti şəkildə məsuliyyətə cəlb edəcəklərini bildirib.

Li baş verən kiberhücumların təhlükəsizlik boşluqlarının aradan qaldırılması üçün mühüm xəbərdarlıq kimi qiymətləndirilməli olduğunu da əlavə edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu