Capcom-a kiberhücum: 11,7 milyon hesabın məlumatları sızdırılıb



Məşhur oyun şirkəti Capcom onlayn üzvlük xidməti Capcom ID-yə edilən kiberhücum nəticəsində 11 milyon 774 min 247 hesaba aid məlumatların oğurlandığını açıqlayıb. 

AFN.az xəbər verir ki, elektron poçt ünvanları və hesab fəaliyyəti ilə yanaşı, bəzi istifadəçilərin şəxsi məlumatları da sızdırılıb. Şirkət istifadəçilərini fişinq hücumlarına qarşı xəbərdar edib.

Capcom-un açıqladığı məlumata görə, hücum dünyanın müxtəlif ölkələrindəki Capcom ID istifadəçilərinin hesablarını hədəf alıb. Sızdırılan məlumatlar arasında elektron poçt ünvanları, hesabların yaradılma tarixləri, son giriş məlumatları, hesablara giriş sayı və son bağlantı zamanı istifadə edilən IP ünvanları yer alıb.

Bəzi hesablara aid doğum tarixi, cins, ölkə və ya region, eləcə də istifadəçi adı məlumatlarının da ələ keçirildiyi bildirilib.

Capcom hücum edən şəxslərin 196 hesabın giriş şifrəsini icazəsiz şəkildə dəyişdirdiyini müəyyən edib. Şirkət həmin hesabların şifrələrini sıfırlayaraq zəruri tədbirlər görüb.

Açıqlamada kredit kartı məlumatlarının məlumat sızmasından təsirlənmədiyi qeyd olunub.

Şifrəsi dəyişdirilən 196 hesabdan 43-ü vasitəsilə şirkətin Yaponiyadakı onlayn mağazası e-Capcom-un şəxsi hesab səhifələrinə daxil olunduğu müəyyən edilib.

Həmin hesablarda istifadəçilərin ad, telefon nömrəsi, poçt indeksi, ünvan, cins və doğum tarixi məlumatları ilə yanaşı, alış-veriş tarixçəsi, müştəri xidmətləri ilə aparılan danışıqların qeydləri və saxlanılan ünvan kitabçasındakı məlumatlar da sızdırılıb.

Şirkət əlavə məlumat sızmasının Yaponiyadakı 43 hesabla məhdudlaşdığını bildirib. Şifrəsi dəyişdirilən digər hesablarda bu əməliyyatla əlaqədar əlavə məlumat sızmasının müəyyən edilmədiyi qeyd olunub. Capcom təsirlənən istifadəçilərlə ayrı-ayrılıqda əlaqə saxlayacağını açıqlayıb.

Capcom şübhəli fəaliyyəti oktyabrın 19-da aşkar edərək icazəsiz girişin qarşısını almaq üçün tədbirlərə başlayıb. Oktyabrın 20-də şirkət daxilində hadisələrə müdaxilə mərkəzi yaradılıb, oktyabrın 21-də isə Osaka polisi və Yaponiyanın şəxsi məlumatların qorunması üzrə qurumu məlumatlandırılıb.

Hücumun üsulunun müəyyən edildiyini və təcili tədbirlərin görüldüyünü açıqlayan şirkət texniki təfərrüatları ictimaiyyətlə bölüşməyib.

Capcom ID xidmətlərindən istifadənin davam etdiyi və oyunçuların oyunlara girişində hər hansı fasilə yaranmadığı bildirilib.

Şirkət sızdırılan məlumatların fişinq hücumlarında istifadə oluna biləcəyinə diqqət çəkib. Hücum edən şəxslərin Capcom-u və ya şirkətlə əlaqəli xidmətləri təqlid edərək istifadəçilərə saxta elektron məktublar göndərə biləcəyi qeyd olunub.

Capcom istifadəçiləri şübhəli elektron məktublardakı keçidlərə daxil olmamağa və naməlum mənbələrdən gələn faylları açmamağa çağırıb. Şirkət həmçinin təsirlənən istifadəçiləri məlumatlandırmaq və müraciətlərini cavablandırmaq məqsədilə regional dəstək kanalları yaradıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu