Avropada marketlərin soyutma sistemlərinə kiberhücumlar qeydə alınır



Estoniya, İrlandiya və Niderlandda marketlərin və digər müəssisələrin soyutma sistemlərinə kiberhücumlar təşkil edilib, Finlandiyada isə bəzi marketlərin soyutma sistemlərində yaranan problemlərin kiberhücumla əlaqəli olub-olmadığı araşdırılır.

AFN.az xəbər verir ki, Estoniyanın ERR ictimai yayımçısının məlumatına görə, hələlik kimliyi müəyyənləşdirilməyən hücumçular soyutma sistemləri istehsal edən Kitman Coldtech şirkətinin müştərisi olan böyük marketlər şəbəkəsinin sisteminə daxil olaraq dondurucuların temperatur göstəricisini 50 dərəcəyədək yüksəldiblər.

Şirkətin rəhbəri Jann Mutso hücuma məruz qalan marketlər şəbəkəsinin adını açıqlamayıb, lakin Estoniyadakı digər müştərilərinin də oxşar hücumların hədəfi olduğunu bildirib.

Mutso hücumçuların köhnə tipli soyutma sistemini idarə edən kompüterlərə daxil olaraq temperatur parametrlərini dəyişdirdiklərini qeyd edib. O, hücum metodunun ötən ay Fransa və Niderlandda baş vermiş oxşar hadisələrlə üst-üstə düşdüyünü bildirib.

Market şəbəkələrinin hücumlara qarşı tədbirlər görməyə başladığını və idarəetmə qurğularını yenilədiyini bildirən Mutso köhnə və yenilənməmiş cihazların hücumçuların hədəfində olduğunu vurğulayıb.

Mutso hücumun 10 dəqiqə ərzində aşkar edilərək qarşısının alındığını və buna görə də heç bir zərərin baş vermədiyini qeyd edib.

Finlandiyanın Yle ictimai yayım qurumunun məlumatına görə, ölkə üzrə fəaliyyət göstərən bəzi market şəbəkələrinin soyutma sistemlərində problemlər yaranıb.

Finlandiyanın böyük market şəbəkələrindən biri olan Kesko-nun nümayəndələri soyuducularda temperaturun yüksəlməsi səbəbindən bəzi ərzaq məhsullarının xarab olduğunu bildiriblər. Onlar internet vasitəsilə müdaxilə ehtimalını da istisna etməyərək hadisənin səbəbini araşdırdıqlarını qeyd ediblər.

Hadisə ilə bağlı araşdırmaya başlanılıb.

İrlandiyada SuperValu supermarketlər şəbəkəsinin 13 filialında da kiberhücum səbəbindən soyutma sistemlərində problemlər yaranıb.

Market şəbəkəsinin sahibi Musgrave şirkətinin açıqlamasında müəyyən modellərə aid soyuducuların hücumdan təsirləndiyi və hadisənin təsirlərinin məhdud olduğu bildirilib.

Açıqlamada təsirə məruz qalan filiallardakı soyudulmuş və dondurulmuş qida məhsullarının ehtiyat tədbiri olaraq satışdan çıxarıldığı qeyd edilib.

Soyutma sistemlərindəki problemin bəzi filialların gec açılmasına da səbəb olduğu bildirilib.

Niderlandın NOS ictimai yayım qurumunun məlumatına görə, ölkədə ən azı 17 müəssisənin dondurucu və soyutma sistemlərinə kiberhücum təşkil edilib, hücumçular sistemlərdəki temperatur parametrlərini dəyişdiriblər.

Hücuma məruz qalan müəssisələr arasında kiçik məhəllə marketləri və qəssab dükanlarının olduğu, böyük market şəbəkələrinin isə hücumlardan təsirlənmədiyi bildirilib.

Hücuma məruz qalan sistemlərin təhlükəsiz olmayan şəbəkələrə qoşulduğu və asanlıqla təxmin edilə bilən parollarla qorunduğu qeyd edilib.

İsveç, Belçika və Lüksemburqda da bəzi market şəbəkələrinin soyutma sistemlərinə kiberhücumlar təşkil edilmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu