Siyəzəndə qazi ailəsi işsizlikdən şikayətçidir: icra başçısı Novruz Novruzov müraciətlərə baxmır
Siyəzən rayonunda yaşayan mərhum müharibə əlilinin ailəsi uzun müddətdir üzləşdiyi işsizlik və ağır sosial vəziyyətlə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
AFN.az xəbər verir ki, Siyəzən rayonu, Molla Vəli Vidadi küçəsi, ev 45 ünvanında yaşayan Zeynalova Nənəqız Qarababa qızı müraciətində həyat yoldaşı, II qrup müharibə əlili olmuş mərhum Qabil Zeynalovun 27 aprel 2025-ci ildə vəfat etməsindən sonra ailənin əsas gəlir mənbəyini itirdiyini bildirib.
Onun sözlərinə görə, hazırda beş nəfərdən ibarət ailədə işləyərək gəlir əldə edən yoxdur. Ailə üzvlərinin heç biri əməkhaqqı, pensiya və ya sosial müavinət almır. Bu səbəbdən ailə ciddi maddi və sosial çətinliklərlə üzləşib.
Nənəqız Zeynalova bildirir ki, həyat yoldaşının vəfatından sonra ailənin dolanışığı daha da çətinləşib. Hazırda əsas istəkləri əmək qabiliyyətli ailə üzvlərinin bacarıq və imkanlarına uyğun işlə təmin olunması, öz zəhmətləri hesabına dolanmaqdır.
Şikayətçi qeyd edir ki, ailənin işlə təmin olunması ilə bağlı Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzova dəfələrlə müraciət edilib. Lakin indiyədək problemin həllinə yönəlmiş konkret nəticə əldə olunmayıb.
Şikayətçi Novruz Novruzovun yeddi ildən artıqdır Siyəzən rayonuna rəhbərlik etdiyini xatırladaraq, bu müddət ərzində qazi ailəsinin məşğulluq probleminin niyə həll edilmədiyini sorğulayır. O, həmçinin rayon üzrə son illərdə işə qəbul prosesinin hansı meyarlarla həyata keçirildiyinin, kimlərin hansı vəzifələrə təyin olunduğunun və ailənin müraciət etdiyi dövrlərdə uyğun vakant iş yerlərinin mövcud olub-olmadığının araşdırılmasını istəyir.
Şikayətçi bu sualları digər vətəndaşların işlə təmin olunmasına etiraz kimi irəli sürmədiyini vurğulayır. Məqsədinin işə qəbul prosesinin obyektivliyinin və şəffaflığının yoxlanılması, ailəsinin müraciətlərinin nə üçün nəticəsiz qalmasının səbəblərinin müəyyənləşdirilməsi olduğunu bildirir.
Müraciətdə Siyəzən Rayon İcra Hakimiyyətinə ünvanlanmış əvvəlki ərizələrin araşdırılması, həmin müraciətlərə baxılarkən hər hansı nöqsana yol verilib-verilmədiyinin müəyyənləşdirilməsi də xahiş olunur.
Nənəqız Zeynalova Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadan ailəsinin vəziyyətinin diqqətdə saxlanılmasını, əmək qabiliyyətli üzvlərinin işlə təmin olunması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilməsini xahiş edir. Müraciətin sonunda o, ailəsinin xüsusi imtiyaz və ya əsassız üstünlük istəmədiyini, sadəcə, işləmək və öz zəhməti ilə dolanmaq imkanı əldə etmək niyyətində olduğunu vurğulayıb.
Qeyd: AFN.az məsələ ilə bağlı Siyəzən Rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırdır.





