Sabunçu RİH-dən şəhid ailəsilə bağlı müraciətə absurd cavab
Sabunçu Rayon İcra Hakimiyyəti şəhidin evinin təmir edilməsilə bağlı edilən müraciətə absurd cavab verib.
AFN xəbər verir ki, bu barədə ictimai fəal Emin Tarverdiyev məlumat verib. Onun sözlərinə görə, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə bir qrup yardımsevər adından məktub ünvanlanıb. Məktubda qeyd olunub: “Hörmətli Adil müəllim! Bu günlərdə Koronavirus pandemiyasının dünyada tüğyan etməsi insanların evdən bayıra çıxa bilməməsinə səbəb olub. Ölkəmizdə karantin rejiminin elan olunması, günəmuzd işləyənlərin iş yerlərinin dayanması bir qrup insanın gündəlik ərzaq tələbatına ehtiyac yaradıb. Biz də öz vətəndaşlıq borcumuzu yerinə yetirərək, ərzaqa ehtiyacı olanlara yardım etməyə çalışırıq. Bəzi vətəndaşlara yardım paylayarkən xoşagəlməz hallarla
üzləşirik. Tənha, köməksiz insanların yardıma ehtiyacı olduğunun şahidi oluruq. Belə vətəndaşlardan biri də Sabunçu rayonunun Zabrat 1 qəsəbəsində yaşayan, həyat yoldaşı 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Şərbətova Səfurə Əmiraslan qızıdır.
Biz onun evində olarkən, bir şəhid ailəsinin nə qədər acınacaqlı durumda yaşadığının şahidi olduq. 2 ildə 2 övladını da itirən Səfurə xanımın Sizin qayğınıza ehtiyacı var. Çünki hazırda ailənin mənzil şərait yaşayışı
acınacaqlı durumdadı və həmin mənzilin təmirə ciddi ehtiyacı var.
Hörmətli Adil müəllim! Bu məsələni ictimailəşdirmədən,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etməzdən
öncə bu məktubu Sizə ünvanlamaqda məqsədimiz də məhz ona yardım göstərəcəyinizə inanmağımızdan irəli gəlir”.
Məktub müəllifləri həmçinin başçıdan şəhid xanımını şəxsən qəbul etməsi xahiş edilib. Lakin çox təəssüf ki, Sabunçu RİH-dən müraciətçilərə aşağıdakı cavab gəlib: “Salam hörmətli vətəndaş! Bizə müraciət etdiyiniz üçün minnətdarıq. Bildiririk ki, sosial yardım təyin edilməsi üçün Siz qanunvericiliklə nəzərdə tutulmuş aidiyyatı üzrə rayon Məşğulluq Mərkəzinə müraciət etməlisiniz. Ünvan: Sabunçu Rayon Məşğulluq Mərkəzi Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 1 Tel: 425-68-70”.
E.Tarverdiyev AFN-ə açıqlamasında onu da bildirib ki, şəhid ailəsinin evinin təmirini xeyirsevər insanlar artıq öz üzərlərinə götürüblər.