ABŞ-da daha 13 dərmanın qiyməti azaldılır: Xərclərə 45 faiz qənaət ediləcək
ABŞ-ın Medicare dövlət tibbi sığorta proqramı daha 13 bahalı dərmanın qiymətinin aşağı salınması nəticəsində xərclərin 45 faiz azalacağını açıqlayıb.
AFN.az xəbər verir ki, bazar ertəsi elan edilən yeni qiymətlərə Gilead şirkətinin HİV müalicəsində istifadə olunan Biktarvy preparatı və Eli Lilly şirkətinin diabet dərmanı Trulicity də daxildir. Qiymət endirimlərinin son illərdə bu dərmanlara çəkilən illik xərclərlə müqayisədə təxminən 9,2 milyard dollar qənaət yaradacağı bildirilir.
2028-ci ildən qüvvəyə minəcək qiymət endirimləri 2022-ci ildə Co Bayden administrasiyası dövründə qəbul edilmiş İnflyasiyanın Azaldılması Aktı çərçivəsində razılaşdırılan üçüncü illik endirim mərhələsidir. Yaşı 65 və yuxarı olan 67 milyondan çox insanı əhatə edən Medicare proqramına qanunvericiliklə əvvəllər dərman istehsalçıları ilə qiymət danışıqları aparmaq qadağan edilmişdi.
ABŞ-ın Medicare və Medicaid Xidmətləri Mərkəzinin administratoru Mehmet Öz açıqlamasında bildirib ki, Tramp administrasiyası Medicare benefisiarlarının maliyyə yükünü azaltmaq üçün daha ədalətli və əlçatan qiymətlər üzrə danışıqlar aparmaq məqsədilə mövcud bütün vasitələrdən istifadə etməyə sadiqdir.
Qurumun məlumatına görə, Biktarvy preparatının aylıq qiyməti 37 faiz, Trulicity dərmanının qiyməti isə 84 faiz azaldılacaq. Ümumilikdə, yeni qiymət endirimləri 34-84 faiz arasında dəyişir.
Gilead şirkəti ötən ay Medicare tərəfindən Biktarvy preparatının bir aylıq istifadəsi üçün müəyyən edilmiş 2 600 dollarlıq yeni maksimum ədalətli qiymətin dərmanın satışlarını təxminən 1,5 milyard dollar azaldacağını bildirmişdi. Bununla belə, şirkət 2027-ci illə müqayisədə ümumi HİV müalicəsi məhsullarından əldə olunan gəlirinin artacağını gözlədiyini açıqlamışdı.
Medicare daha əvvəl qiymət danışıqları üçün seçilmiş iki dərmanın proqramdan çıxarıldığını da bildirib. Bunlar Pfizer şirkətinin artrit müalicəsində istifadə olunan Xeljanz preparatı və Roche şirkətinin astma dərmanı Xolair-dir. Qurumun izahına görə, həmin dərmanların artıq generik rəqibləri olduğundan onlar proqramdan azad edilib.
Agentlik, həmçinin AbbVie şirkətinin Botox preparatının məhkəmə qərarına əsasən maksimum ədalətli qiymət mexanizminə tabe olmayacağını açıqlayıb.
Əczaçılıq sənayesinin qanuna uzun müddətdir qarşı çıxmasına və bu barədə qaldırılan bir sıra məhkəmə iddialarının nəticəsiz qalmasına baxmayaraq, apteklərdə satılan 10 dərman üzrə ilk razılaşdırılmış qiymətlər bu il qüvvəyə minib.
2028-ci il üçün müəyyənləşdirilən siyahıya həkim kabinetlərində və xəstəxanalarda tətbiq olunan preparatlar da daxildir. Bunların arasında Novartis şirkətinin psoriaz müalicəsi üçün nəzərdə tutulan Cosentyx dərmanı və Takeda şirkətinin Kron xəstəliyinə qarşı istifadə edilən Entyvio preparatı var. Novartis-in süd vəzi xərçənginin müalicəsində istifadə olunan Kisqali dərmanı, eləcə də Otsuka Pharmaceutical və Lundbeck şirkətlərinin satışa çıxardığı antidepressant Rexulti də qiyməti azaldılacaq 13 preparat sırasındadır.
Medicare-in məlumatına görə, seçilmiş dərmanlara 2025-ci ildə ümumilikdə 22,3 milyard dollar xərclənib. Preparatlar ABŞ Qida və Dərman Administrasiyası tərəfindən təsdiqləndikdən 7 və ya 11 il sonra qiymət danışıqları üçün seçilir. Bu zaman onların generik və ya biosimilyar alternativinin olmaması da əsas şərtlərdən biridir.
Medicare ötən il 2027-ci ildən tətbiq olunacaq 15 dərman üzrə razılaşdırılmış qiymətlərin, o cümlədən Novo Nordisk şirkətinin Ozempic adlı GLP-1 preparatının daxil olduğu siyahının proqram xərclərini 36 faiz azaldacağını açıqlamışdı. Bu endirimlər nəticəsində təxminən 8,5 milyard dollar qənaət gözlənilir.

