TRIPP layihəsinin icrasına başlanıldı: Bakı ilə Naxçıvanın birbaşa əlaqəsi bərpa edilir


Ermənistan və ABŞ TRIPP layihəsinin praktiki icrasına başlanıldığını elan edib.

AFN.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ prezidenti Donald Tramp layihənin regionda nəqliyyat, ticarət və iqtisadi əlaqələrin inkişafına yeni imkanlar yaradacağını bildiriblər.

Paşinyan xalqa müraciətində TRIPP-i Ermənistanın müstəqillik əldə etməsindən sonra həyata keçirilən ən böyük iqtisadi təşəbbüs adlandırıb. Onun sözlərinə görə, layihə çərçivəsində Ermənistanın Sünik vilayətində tikinti işlərinə hazırlıq mərhələsinə başlanılır.

Baş nazir xatırladıb ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə keçirilən sammit Cənubi Qafqazda sülh prosesində mühüm mərhələ olub. O, Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ prezidentinin iştirakı ilə imzalanan birgə bəyannamənin onilliklər davam edən münaqişəyə son qoyulması və regional sabitlik üçün zəmin yaratdığını vurğulayıb.

Paşinyan bildirib ki, TRIPP dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında regionda maneəsiz multimodal tranzit əlaqələrinin yaradılmasını nəzərdə tutur. Layihə Azərbaycanla Naxçıvan arasında nəqliyyat bağlantısının təmin olunmasına, Ermənistanın daxili və beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsinə, eləcə də Transxəzər marşrutunun inkişafına xidmət edəcək.

Baş nazir layihənin Ermənistanın iqtisadi imkanlarını genişləndirəcəyini, xarici investisiyaların cəlbinə və xüsusilə Sünik vilayətinin inkişafına təkan verəcəyini bildirib. O, TRIPP-in ölkənin beynəlxalq əhəmiyyətini və təhlükəsizliyini də gücləndirəcəyini iddia edib.

ABŞ prezidenti Donald Tramp da layihənin rəsmi fəaliyyətə başlaması münasibətilə yayımladığı müraciətdə Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. O, Ermənistanla Azərbaycan arasında 35 ildən artıq davam edən münaqişənin başa çatdırılması istiqamətində əldə olunan razılaşmaları xatırladaraq, ötən il Ağ Evdə imzalanan sənədi tarixi sülh sazişi kimi təqdim edib.

Trampın sözlərinə görə, TRIPP və yeni yaradılan TRIPP İnkişaf Şirkəti regionda malların daşınması, enerji resurslarının nəqli və sərnişin səfərləri üçün yeni marşrutların formalaşmasına imkan verəcək. ABŞ lideri Vaşinqtonun bu tərəfdaşlığın uğur qazanmasında qətiyyətli olduğunu bildirib.

Qeyd edək ki, Tramp müraciətində Paşinyan və İlham Əliyevə onun Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüklərinə görə də təşəkkür edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu