Volbaxiya bakteriyalı ağcaqanadlar virus infeksiyalarını 69 faiz azaldıb



Braziliyada aparılan genişmiqyaslı araşdırma Volbaxiya bakteriyası daşıyan və virusları ötürə bilməyən xüsusi ağcaqanad növünün danq qızdırması və çikunqunya infeksiyalarını təxminən 69 faiz azaltdığını üzə çıxarıb. 

AFN.az xəbər verir ki, tədqiqatın nəticələri ağcaqanadlar vasitəsilə yayılan xəstəliklərlə mübarizədə yeni yanaşmanın effektivliyini göstərir.

Tədqiqatçıların bildirdiyinə görə, həmin xüsusi ağcaqanad növünün geniş yayıldığı Braziliya məhəllələrində yaşayan uşaqların danq qızdırmasına və ya narahatlıq doğuran digər virus infeksiyası olan çikunqunyaya yoluxma ehtimalı xeyli aşağı olub.

Danq qızdırmasının dünyada ən geniş yayıldığı bölgələrdən birində 5 700-dən çox uşaq üzərində aparılan genişmiqyaslı araşdırma yeni strategiyanın tətbiq oluna biləcəyinə dair əlavə sübutlar təqdim edib. Nəticələr göstərir ki, yalnız insektisidlərdən istifadə etmək və ağcaqanad dişləməsindən qorunmağa çalışmaq əvəzinə, bu virusları ötürə bilməyən ağcaqanadların yetişdirilməsi də effektiv mübarizə üsulu ola bilər.

Beynəlxalq tədqiqat qrupunda təmsil olunan Emori Universitetinin doktoru Sri Edupuganti bildirib ki, Volbaxiya daşıyan ağcaqanadların olduğu məhəllələrdə məktəb yaşlı uşaqlar arasında danq qızdırması və çikunqunya infeksiyalarının sayı oxşar məhəllələrlə müqayisədə təxminən 69 faiz azalıb. Onun sözlərinə görə, bu təsir Braziliyada 2024-cü ildə baş verən şiddətli danq qızdırması epidemiyası zamanı da qorunub.

Bu araşdırmanın nəticələri ABŞ-ın Florida ştatının ən azı 1940-cı illərdən bəri ölkənin hər hansı ştatında qeydə alınan ən böyük virus epidemiyası olduğu ehtimal edilən qeyri-adi dərəcədə geniş yayılmış yoluxma ilə mübarizə apardığı vaxta təsadüf edib.

ABŞ-da danq qızdırmasına adətən xarici ölkələrə səyahət edən şəxslərdə rast gəlinir. Lakin cümə günü açıqlanan məlumatlara əsasən, Florida səhiyyə rəsmiləri yerli yoluxma nəticəsində 650-dən çox hal qeydə alıblar. Bu halların təxminən dörddə üçü Tampa şəhərinin də yerləşdiyi Hillsboro bölgəsində aşkarlanıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu