ÜST: Dünyada 4 milyard insan danq qızdırması virusuna yoluxma riski altındadır
Dünyada təxminən 4 milyard insan danq qızdırması virusuna yoluxma riski altındadır.
AFN.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiya və Pandemiyaya Hazırlıq və Qarşısının Alınması Departamentinin Qrup rəhbəri Diana Rojas Alvarez bildirib.
Alvarez Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında dünyada danq qızdırması halları ilə bağlı açıqlamalar verib.
Danq qızdırmasının insanlara yoluxmuş ağcaqanadların dişləməsi ilə bulaşan ən çox yayılmış viral infeksiya olduğuna diqqət çəkən Alvarez, bu xəstəliyin daha çox tropik və subtropik iqlimlərdə şəhər yerlərində müşahidə edildiyini deyib.
Alvarez iqlim dəyişikliyi səbəbiylə temperaturun artdığını və yoluxmuş ağcaqanadların daha çox ölkədə arta biləcəyini vurğulayaraq, bu il daha çox ölkədə danq qızdırması hallarının bildirildiyinə diqqət çəkib.
Danq qızdırmasının əlamətləri arasında yüksək hərarət, baş ağrısı, bədən ağrıları və ürəkbulanma olduğunu deyən Alvarez bildirib ki, xəstələrin çoxu təxminən 2 həftə ərzində sağalır, bəzilərində isə bu, ciddi bir xəstəliyə çevrilə bilir.
"Hazırda dang qızdırmasının spesifik müalicəsi yoxdur, lakin erkən diaqnoz və müvafiq tibbi yardıma əlçatanlıq ağır danq qızdırmasından ölüm ehtimalını azaldıb. Bu ilin başlanğıcından bəri bütün dünyada beş milyondan çox hadisə və 5000-dən çox ölüm halı qeydə alınıb.
Tropik və subtropik bölgələrdə baş verən danq qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırmaya səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər.