OpenAI süni intellekt modellərinin inkişafı üçün ortaq təhlükəsizlik hədləri təklif edir
OpenAI-ın baş elmi işçisi Yakub Paçoki sürətlə inkişaf edən süni intellekt modellərinin yaratdığı risklərə qarşı texnologiya sektorunda ortaq məhdudiyyətlərin müəyyənləşdirilməsini təklif edib.
AFN.az xəbər verir ki, o, bu məqsədlə modelin proqnozlaşdırma qabiliyyətini ölçən perplexity göstəricisinin sənaye üzrə vahid meyar kimi tətbiq edilməsini irəli sürüb.
OpenAI-ın baş elmi işçisi bu təklifində şirkətin baş icraçı direktoru Sem Altmanın da dəstəyini aldığını bildirib. Onun fikrincə, süni intellekt hazırlayan şirkətlər getdikcə daha güclü modellər üçün ortaq hədlər qəbul etməli, texnologiyanın inkişafını qiymətləndirmək üçün isə vahid ölçü meyarından istifadə etməlidirlər.
Paçokinin bloq yazısında ətraflı izah etdiyi təklif süni intellektin sürətlə artan imkanlarının yarada biləcəyi potensial risklərlə bağlı həm sektor daxilində, həm də ictimaiyyət arasında narahatlığın gücləndiyi bir vaxtda irəli sürülüb.
Paçoki yazıb ki, süni intellekt sistemlərinin davranışlarını anlamaq və izləmək imkanları konkret inkişaf mərhələsinə çatana qədər tərtibatçıların aşmamağı öhdələrinə götürəcəkləri, perplexity və digər göstəricilərə əsaslanan ortaq hədlər müəyyənləşdirilməlidir.
O, perplexity göstəricisini modelin növbəti tokeni, yəni məlumatın əsas vahidini orta hesabla nə dərəcədə düzgün proqnozlaşdıra bildiyini ölçən model zəka meyarı kimi izah edib. Paçokinin sözlərinə görə, perplexity göstəricisinin aşağı olması daha dəqiq proqnozlar deməkdir.
Paçoki süni intellektin ən tez 2027-ci ildən etibarən süni intellektin təlim metodlarında köklü irəliləyişlərə yol aça biləcəyini yazıb. O, bu inkişafın texnologiyanın tərəqqisini izləmək və təhlükəsizlik sahəsində tədbirlər görmək imkanlarından daha sürətlə baş verə biləcəyinə diqqət çəkib.
OpenAI-ın baş elmi işçisi yeni monitorinq və təhlükəsizlik mexanizmləri tətbiq edilənədək tərtibatçıların əvvəlcədən razılaşdırılmış imkan hədlərini aşmamaq öhdəliyi götürməli olduqlarını vurğulayıb.
