Nvidia-nin çip texnologiyalarının Çinə ötürülməsi araşdırılır
ABŞ-da çip istehsalçısı Nvidia-nın keçmiş baş direktoru Censen Huangın casusluqda şübhəli bilinən çinli iş adamı ilə əlaqələrinin olduğu iddiasından sonra vəzifəsindən ayrılması ilə bağlı şirkət barəsində araşdırmaya başlanılıb.
AFN.az xəbər verir ki, istintaq çərçivəsində Nvidia-nın yarımkeçirici texnologiyalarının Çinin əlinə keçib-keçmədiyi araşdırılır.
CBS News telekanalının məlumatına görə, Kaliforniyanın baş prokuroru Rob Bonta jurnalistlərə açıqlamasında Nvidia barəsində istintaq başladıldığını və şirkətin yarımkeçirici texnologiyalarının Çinə ötürülüb-ötürülmədiyinin araşdırıldığını bildirib.
Bonta şirkətin qabaqcıl çiplərinin və ya məxfi məlumatlarının Çinin əlinə keçib-keçmədiyinin də araşdırıldığını qeyd edib. O bildirib ki, Nvidia-nın və keçmiş baş direktorunun davranışları şirkətin investorları yanıltmış ola biləcəyi ehtimalı da daxil olmaqla, ciddi narahatlıq doğuran məqamlar yaradır. Onun sözlərinə görə, Nvidia mürəkkəb və beynəlxalq miqyaslı vəziyyətlə üzləşib.
Rob Bonta istintaqın Nvidia-nın investorları və ictimaiyyəti yanıldıb-yanıltmadığını, eləcə də şirkətin hərəkətlərinin ştat qanunlarını pozub-pozmadığını müəyyənləşdirməyi də hədəflədiyini vurğulayıb. O, şirkətlər haqqında qanunvericiliyin əsas prinsipinin aydın olduğunu və şirkətlərin investorlarını yanıltmasının yolverilməzliyini bildirib.
Nvidia-nın İdarə Heyəti noyabrın 8-də Huangın xarici kəşfiyyat fəaliyyətlərinin hədəfinə çevrildiyinə dair xəbərlərdən sonra müstəqil araşdırmaya başlanıldığını açıqlamışdı.
Araşdırmaya Huangın Pekin rəhbərliyinə məlumat ötürdüyü iddia edilən çinli iş adamı Elis Huangla yaxın münasibətlərinin olduğu barədə xəbərlər səbəb olmuşdu.
Nvidia noyabrın 12-də Huangın şirkətin sədri, baş direktoru və İdarə Heyətinin üzvü vəzifələrindən ayrıldığını, maliyyə direktoru Kolet Kressin isə müvəqqəti baş direktor təyin edildiyini bildirmişdi.
Tesla və SpaceX şirkətlərinin rəhbəri İlon Maskın da aralarında olduğu çoxsaylı texnologiya şirkəti rəhbərləri Huangın vəzifəsinə qayıtması üçün başladılan imza kampaniyasına dəstək vermişdilər.
Censenlə həmrəylik adı altında başladılan kampaniyada 190 mindən çox imza toplanıb.
