Myanmarın Rohinca müsəlmanlarına qarşı soyqırımı ilə bağlı qərarına beynəlxalq dəstək



Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) Myanmanın Rohinca müsəlmanlarına qarşı soyqırımı cinayəti törətdiyi barədə qərarı çoxsaylı ölkələr, beynəlxalq təşkilatlar və insan hüquqları qurumları tərəfindən müsbət qarşılanıb. 

AFN.az xəbər verir ki, BMT-nin məhkəmə orqanı Qambiyanın qaldırdığı iddia üzrə Myanmanı soyqırımına görə məsuliyyətli hesab etdikdən sonra beynəlxalq ictimaiyyət qərarın icrası və təqsirkarların məsuliyyətə cəlb olunması çağırışları edib.

Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend qərarı tarixi hadisə kimi qiymətləndirərək, Myanmanın Londondakı hərbi attaşesinin ölkədən çıxarılması barədə qərar qəbul etdiklərini bildirib.

Myanmanın Londondakı səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırdıqlarını qeyd edən Milibend qərarın müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasının təcili toplanmasına çağırıb.

İddianı qaldıran Qambiya Prezident Administrasiyasının açıqlamasında qərar beynəlxalq ədalət baxımından tarixi hadisə kimi qiymətləndirilib və Myanmaya onu gecikdirmədən icra etmək çağırışı edilib.

Qambiyanın ədliyyə naziri və baş prokuroru Davda Callow Haaqada jurnalistlərə açıqlamasında qərarın Rohinca müsəlmanları üçün qələbə olduğunu deyib.

Niderlandın xarici ticarət naziri Syoerd Syoerdsma parlamentdəki çıxışında qərarı Rohinca müsəlmanlarına qarşı törədilmiş cinayətlərə görə məsuliyyətin təmin olunması baxımından mühüm addım adlandırıb. O, Myanmanın hərbi rəhbərliyini qərarı icra etməyə çağırıb.

Maldiv adalarının Prezidenti Məhəmməd Muizzu qərarı məmnuniyyətlə qarşıladığını bildirərək, bunun soyqırımının qarşısının alınması və beynəlxalq məsuliyyət mexanizmlərinin gücləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

İşə müdaxilə edən tərəflərdən biri olan Maldiv adalarının soyqırımının qarşısının alınması səylərini dəstəklədiyini vurğulayan Muizzu bütün dövlətləri zərərçəkənlər üçün ədalətin təmin olunması məqsədilə əməkdaşlığı gücləndirməyə çağırıb.

Norveçin xarici işlər naziri Espen Bart Eide qərarı çox ciddi adlandıraraq, bütün dövlətlərin soyqırımının qarşısını almaq və onu törədənləri cəzalandırmaq öhdəliyi daşıdığını vurğulayıb.

Banqladeşin xarici işlər üzrə dövlət naziri Humayun Kabir qərarı məmnuniyyətlə qarşıladıqlarını bildirərək, bunu soyqırımı və ağır insan hüquqları pozuntuları ilə bağlı beynəlxalq hüquq prosesləri baxımından tarixi hadisə kimi qiymətləndirib.

Myanmanın hərbi rəhbərliyinə qarşı yaradılmış Milli Birlik Hökuməti BƏM-in səlahiyyətlərinə və qərarına hörmətlə yanaşdığını bildirərək, qərarın icra edilməsinin vacibliyini vurğulayıb.

BMT-nin Baş katibi Antonio Quterreş BƏM-in qərarını məmnuniyyətlə qarşılayaraq, bunun Rohinca müsəlmanlarına qarşı soyqırımının beynəlxalq səviyyədə tanınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Qərarın məcburi, qəti və şikayətə bağlı olmadığını vurğulayan Quterreş Myanmanı hüquq pozuntularına son qoymağa, məsul şəxsləri ədalət qarşısına çıxarmağa və didərgin düşmüş Rohinca müsəlmanlarının təhlükəsiz şəkildə geri qayıtmasını təmin etməyə çağırıb.

BMT-nin İnsan Hüquqları üzrə ali komissarı Volker Türk də qərarı məmnuniyyətlə qarşıladığını bildirərək, bunun Rohinca müsəlmanları və bütün Myanma xalqı üçün ədalətin təmin olunmasında dönüş nöqtəsi olmalı olduğunu deyib.

Türk Myanmaya hərbi texnika və aviasiya yanacağının tədarükünün dayandırılmasını istəyib. O, Rohinca müsəlmanlarının vətəndaşlıq hüquqlarının bərpa edilməsinin, təhlükəsiz geri dönüş üçün lazımi şərait yaradılmadan onların ölkələrinə qaytarılmamasının vacibliyini vurğulayıb.

Avropa İttifaqı (Aİ) Myanmanı BƏM-in qərarını dərhal icra etməyə və zərərçəkənlərin itkilərini kompensasiya etməyə çağırıb. Aİ Xarici Əlaqələr Xidmətinin açıqlamasında BƏM-in qərarlarına əməl etməyin könüllü seçim deyil, beynəlxalq hüquq çərçivəsində öhdəlik olduğu bildirilib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da qərarı müsbət qarşılayaraq, Myanmanı onu dərhal və tam şəkildə icra etməyə çağırıb. İƏT-in baş katibi İsmayıl Vild Şeyx Əhməd Qambiyanın ədliyyə naziri Davda A. Callowa telefonla zəng edərək onu təbrik edib, Türkiyənin də daxil olduğu 9 ölkəyə işin maliyyələşdirilməsinə verdikləri töhfəyə görə təşəkkür edib.

Amnesty International qərarı tarixi adlandıraraq, bunun soyqırımından sağ çıxanlar və zərərçəkmiş ailələr üçün ədalət baxımından mühüm hadisə olduğunu bildirib.

Təşkilatın baş katibi Aqnes Kallamar BƏM-in soyqırımı niyyətinin hərbi məqsədlər də daxil olmaqla digər məqsədlərlə yanaşı mövcud ola biləcəyinə dair qiymətləndirməsinin Cənubi Afrikanın İsrailə qarşı qaldırdığı iddia baxımından da əhəmiyyət daşıdığını vurğulayıb.

Kallamar Myanmaya silah və hərbi yardım tədarükünün dayandırılmasını istəyərək, BMT Təhlükəsizlik Şurasını ölkəyə silah embarqosu tətbiq etməyə və Myanmadakı vəziyyəti Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) göndərməyə çağırıb.

Human Rights Watch (HRW) qərarı dönüş nöqtəsi adlandıraraq, bunun dünyada soyqırımı və digər ağır cinayətlərin qurbanlarının ədalət axtarışları baxımından mühüm presedent yaratdığını bildirib.

HRW-nin beynəlxalq ədalət məsələləri üzrə baş hüquq məsləhətçisi Mariya Elena Vinyoli Myanma rəhbərliyinin qərara əməl etməli və Rohinca müsəlmanlarına qarşı təzyiqlərə son qoymalı olduğunu qeyd edib.

Rohinca Milli Şurasının həmsədri Nay San Lvin Anadolu Agentliyinə açıqlamasında qərarın tarixi əhəmiyyət daşıdığını, lakin təkbaşına ədalətin təmin olunması üçün kifayət etmədiyini vurğulayıb.

Lvin Rohinca müsəlmanlarının vətəndaşlıq hüquqlarının bərpa olunmasına, kimliklərinin tanınmasına, eləcə də ölkələrinə təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtmaları üçün zəruri şəraitin yaradılmasına çağırıb.

BƏM Qambiyanın Myanmaya qarşı Soyqırımı Konvensiyasının pozulması əsası ilə qaldırdığı iddia üzrə ölkənin Rohinca müsəlmanlarına qarşı soyqırımı cinayəti törətdiyinə qərar verib.

Qərarda Myanma ordusunun 2016-2017-ci illərdə Rohinca müsəlmanlarına qarşı keçirdiyi əməliyyatlar qiymətləndirilib. BƏM-in yekun xarakterli qərarından şikayət vermək mümkün deyil.

Myanma ordusu 2017-ci ilin avqustunda Rohinca əyalətinin şimalında təmizləmə əməliyyatlarına başlayıb. Qətliamların, zorlamaların və kəndlərin yandırılmasının baş verdiyi hücumlardan sonra yüz minlərlə Rohinca müsəlmanları Banqladeşə sığınmağa məcbur olub. Bundan sonra Qambiya 2019-cu il noyabrın 11-də BƏM-də Myanmaya qarşı soyqırımı iddiası qaldırıb.

Haaqada yerləşən və BMT-nin məhkəmə orqanı olan BƏM Myanmanın Rohinca müsəlmanlarına qarşı soyqırımı törətdiyinə qərar verərək tarixində ilk dəfə bir dövləti soyqırımına görə məsuliyyətli hesab edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu